Birinə qəbiristanlıq, o birinə stadion

61 saylı Neftçala seçki dairəsindən bitərəf namizəd Soltanhəmid Məlikov AzadlıqRadiosuna deyib ki, Neftçalada namizədlər üçün qeyri-bərabər seçki mühiti var. Onun sözlərinə görə, hazırda məktəblilər, rayon əhalisi məcburi şəkildə rayon stadionuna aparılır. Burada YAP-ın namizədi Arif Rəhimzadənin seçicilərlə görüşü keçirilir.

Soltanhəmid Məlikov deyir ki, onun görüşlərinə isə maneçilik törədilir:

“Mənim görüşlərimi adətən kəndlərdəki iki qəbiristanlıq arasında olan ərazilərə salırlar. Camaat gələ bilmir. Görüşlərdə mikrofonla danışmağa qoymurlar. Arxamca da bir polis salıblar. Qarabaqara məni izləyir. Danışanda gəlib mikrofonumu əlimdən alır, mənə hədə-qorxu gəlir”.

Soltanhəmid Məlikov
61 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Ələddin Rzayev isə AzadlıqRadiosuna deyir ki, Soltanhəmid Məlikov dedikləri ilə bağlı onlara şikayət göndərməyib. Rayonda qeyri-bərabər seçki mühiti haqqında söylədikləri də doğru deyil:

“Arif Rəhimzadə YAP-ın namizədidir, onun görüşlərini də YAP fəalları təşkil edir. Buna kim müdaxilə edə bilər? Soltanhəmid Məlikova bu gün xəbərdarlıq da etmişəm. O maşında ruporla çıxış edərək camaatın rahatlığını pozur. Polis isə görüşlərdə asayişi təmin etmək üçün kənardan müşahidə edir. Görüşlərə müdaxilə edilməmək üçün namizədləri mühafizə edir”.

DSK sədri deyir ki, Soltanhəmid Məlikov da digər namizədlər kimi icra hakimiyyətinin ayırdığı və cədvəl üzrə ayrılmış yerlərdə görüşlər keçirir.