Azərbaycan əsgərlərinin cəsədləri qaytarılır

Qarabağda döyüşlərdə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və Fərid Əhmədovun meyidləri noyabrın 6-da Azərbaycana qaytarılacaq. Azərbaycan da təmas xəttində atışmada həlak olmuş Ermənistanın mülki vətəndaşı Qavruşa Arustamyanın meyitini təhvil verəcək. Bu barədə Azərbaycanın əsir və girov vətəındaşlarla iş üzrə Dövlət Komissiyasından ANS Press-ə məlumat veriblər. Dünən də Azərbaycan qarşı tərəfə bir meyid verib, əvəzində də Ermənistanda əsirlikdə olan bir vətəndaşını geri alıb.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində imzalanan birgə bəyannaməyə görə hərbi əsirlər dəyişdirilməli, ölənlərin meyitləri isə ləngimədən qarşı tərəfə verilməlidir.

Hazırda Bakı həlak olmuş iki hərbçinin meyidindən savayı, Ermənistanda daha iki əsgərinin saxlandığını bildirir. Ermənistan isə Bakıda altı hərbçisinin, beş nəfərlik bir ailənin əsir olduğunu və bir vətəndaşının da meyidinin olduğunu deyir.