ATƏT ilkin rəyini sabah açıqlayacaq

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri səsvermə başladıqdan keçən müddət ərzində təxminən 200 məntəqədə seçkilərin gedişini izləyiblər.

Ümumilikdə bu gün missiyamızın 400-dən artıq üzvü həm Bakıda, həm də regionlarda səsvermə prosesini izləyir”. Bu açıqlamanı APA-ya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Yanes Lenarçiç verib.

O seçkilərin gedişinə dair ilkin rəy söyləməyin tez olduğunu bildirib: “Həm paytaxtda, həm də regionlarda seçkiləri müşahidə edən missiyamızın üzvləri ayrı-ayrılıqda hesabat hazırlayacaqlar və biz onları ümumiləşdirərək sabah keçirəcəyimiz mətbuat konfransında ilkin rəyimizi açıqlayacağıq.

Bu ilki rəy olacaq, yekun hesabat isə iki ay sonra açıqlanacaq”.

ATƏT DTHİB-in uzunmüddətli missiyasının Azərbaycanda sentyabrın sonundan fəaliyyət göstərdiyini deyən Yanes Lenarçiç artıq parlament seçkilərinin gedişinə dair iki aralıq hesabatın hazırlandığını xatırladıb:

“Mən öz şəxsi rəyimi söyləmək istəmirəm. ATƏT-in ümumi rəyi belədir ki, ayrı-ayrı müşahidəçilərin deyil, bütövlükdə missiyanın ümumi rəyi əsas götürülür. Mən də bura gələn digər həmkarlarım kimi müşahidəçiyəm.

Elə olur ki, müşahidəçilərdən biri prosesi pozitiv, digəri neqativ qiymətləndirir. Biz yalnız bütün müşahidəçilərimizin fikirlərini ümumiləşdirərək yekun rəy açıqlayırıq”.