Parlamenti qeyri-legitim hesab edirlər

Əli Kərimli və İsa Qəmbər

«AXCP-Müsavat» siyasi partiyalar bloku parlament seçkilərinin ilkin nəticələrini tanımır və hakimiyyəti seçkilərin nəticələrini ləğv etməyə çağırır.

Belə bir bəyanatla blokun noyabrın 8-də keçirdiyi mətbuat konfransında Müsavat başqanı İsa Qəmbərlə AXCP sədri Əli Kərimli çıxış ediblər.

İsa Qəmbər bildirib ki, onlar seçki saxtakarlıqları ilə bağlı artıq məhkəmələrə müraciət etmək üçün sənədlər hazırlamaqdadırlar.

«Bu cür saxta seçkinin nəticəsində yaradılan parlamenti qeyri-legitim hesab edir, buna görə də «AXCP-Müsavat» seçki bloku bu seçkilərin nəticələrinin ləğv edilməsini və yeni demokratik, azad və ədalətli seçkilərlə həqiqi parlamentin formalaşmasını tələb edir».

Əli Kərimli beynəlxalq müşahidəçilərin rəylərinin də seçicilərdə hiddət doğurduğunu deyib. O, həmçinin qeyd edib ki, azad, şəffaf və ədalətli olmayan seçki beynəlxalq aləmdə Azərbaycanın nüfuzuna xeyli zəiflədir.

«ANALOQU OLMAYAN SEÇKİ...»

«Ölkədə bu dəfə doğurdan da, zarafatsız analoqu olmayan bir seçki gördük. İlham Əliyev çox analoqsuz inkişafdan danışırdı, amma bu sahədə ona nail oldu ki, Azərbaycanda noyabrın 7-də keçirilən seçkilər hətta Azərbaycanın özündə keçirilən əvvəlki seçkilərdən mənfi mənada fərqləndi».

Blokun yaydığı birgə bəyanatda bildiririk ki, Milli Məclisə seçkilər ərəfəsində ölkədə normal seçkiqabağı demokratik şərait olmayıb, müstəqil KİV-ə qarşı təzyiq və təqiblər davam edib, demokratik seçkilərin keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmayıb, bütün seçki komissiyalarında hakim partiya nümayəndələri həlledici səs çoxluğuna malik olub.

Bundan başqa da qeydə alınmış namizədlərə həm təşviqat zamanı, həm də seçki günü bərabər şərait yaradılmayıb.

Hakim Yeni Azərbaycan Partiyası isə (YAP) bütün siyasi partiyalara və seçkidə iştirak etmək istəyən vətəndaşlara şərait yaradılan azad və şəffaf seçki keçirildiyini bildirib.

SEÇKİNİ BURADA ŞƏRH EDİN