Azərbaycan seçkisi müzakirə olunacaq


Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı məruzələr dinləniləcək. Bunu Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin bugünkü iclasında yalnız Azərbaycanda keçirilən parlament seçkisi ilə bağlı ümumi məlumat veriləcək. Məruzənin özü və müzakirələr isə qurumun yanvarda Strasburqda keçiriləcək sessiyasının gündəliyinə salınacaq.

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin iclası başlayıb.

AŞ PA MK-nın Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex (Malta) və Pedro Aqramunt (İsraniya) seçki öncəsi Azərbaycana səfərlərinin nəticələri ilə bağlı hesabat təqdim edəcəklər.
Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçirilib. Seçkilərdə 690 deputatlığa namizəd mübarizə aparıb. MSK seçkilərin ilkin nəticələrini açıqlayıb. Parlament seçkisini 1000-dən artıq beynəlxalq müşahidəçi izləyib.