AŞPA həmməruzəçiləri bloqqerlərin buraxılmasını alqışlayır

Adnan Hacızadə və Emin Milli

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri bloqqerlər Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılmasını alqışlayır.

Avropa Şurasının internet səhifəsində yerləşdirilən bəyanatda qeyd olunur ki, bu, irəliyə doğru atılan mühüm addımdır:

«Bu, onu göstərir ki, Azərbaycan hakimiyyəti Avropa Şurası ilə əməkdaşlığa mane olan problemləri həll etməyə hazırdır. Ümid edirik ki, tezliklə digər məsələlərdə də irəliləyişləri alqışlaya biləcəyik».

Həmməruzəçilər - Cozef Debono Qrex (Malta) və Pedro Aqramuntun (İspaniya) onu da bildirib ki, Assambleyanın monitorinq proseduru çərçivəsində 2011-ci ilin fevralında Azərbaycana səfər etmək niyyətindədirlər.

Ötən ilin iyul ayından həbsdə olan bloqqerlər Emin Milli və Adnan Hacızadə ötən həftə şərti cəza ilə azadlığa buraxılıb.