İlham Əliyev: «İnvestisiyalardan çox mənfəət götürəcəyik»

İlham Əliyev

«Ümid» yatağının açılması böyük tarixi hadisədir. Bu hadisə Azərbaycanın neft-qaz sənayesinin uğurla inkişaf etdirilməsi üçün çox mühüm rol oynayacaq».

Bunu prezident İlham Əliyev Xəzər dənizində «Ümid» qaz yatağının açılması münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşündə deyib:

«Müəyyən müddətdir ki, Dövlət Neft Şirkəti «Ümid» yatağında kəşfiyyat işləri aparırdı. Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücümüzlə aparmışıq...

«Ümid» yatağının aşkarlanması xüsusi məna daşıyır. Bu onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır. Biz 1990-cı illərin əvvəllərində böyük maliyyə imkanlarına malik deyildik. Xarici investisiyalardan asılı idik. Ancaq xarici investisiyaları Azərbaycana gətirməklə milli maraqlarımızı tam şəkildə təmin edə bilmişik. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ölkələrdən biri və bəlkə də birincisi Azərbaycandır. Bu da ümumi neft siyasətimizin əlamətidir. Bizim xarici tərəfdaşlarla imzalanmış pay bölgüsü üzrə kontraktlar maraqlarımızı tam şəkildə təmin edir və bu gün mənfəət neftinin mütləq əksəriyyəti Azərbaycana məxsusdur. Xarici şirkətlərdə çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu illər ərzində vətəndaşlarımız xarici şirkətlərin hesabına xaricdə və Azərbaycanda təlim kursları keçmişlər, müasir texnologiyalara yiyələnmişlər, tanış olmuşlar».

İKİ TRİLYON, ÇOX TƏVAZÖKAR BİR RƏQƏMDİR

Prezident deyib ki, bu maliyyə resurslarını əldə etdikdən sonra Azərbaycan həm ölkə daxilində, həm də xaricə investisiyalar qoymağa başlayıb:

«Nəinki ölkə daxilində, xaricə qoyduğumuz investisiyalar milyardlarla ölçülür. Türkiyə, Gürcüstan, Ukrayna, digər ölkələrdə investisiyalarımızı gözləyirlər. Azərbaycan və onun Dövlət Neft Şirkəti etibarlı tərəfdaş kimi öz imkanlarını ortaya qoyur. Biz əməkdaşlığın dərinləşməsi üçün bütün tədbirləri görürük. Xaricə qoyduğumuz milyardlarla ölçülən investisiyalar Azərbaycanın maraqlarını təmin edir. Gələcəkdə bu, bizə ondan da çox gəlir gətirəcək. Bu gün yox, 5 ildən, 10 ildən sonra».

«Biz Xəzərin bütün imkanlarını yaxşı bilirik», - deyən İlham Əliyev xatırladıb ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2 trilyon kubmetrdən çoxdur:

«Biz bu vaxta qədər tam dəqiqliklə deyirdik ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2 trilyon kubmetr səviyyəsindədir. Əlavə edirdik ki, ancaq ola bilər və çox güman ki, bu ehtiyatlar daha da çox olsun. Bax, «Ümid» yatağının gələcəkdə işlənilməsi bu sözləri bir daha təsdiqləyir. İki trilyon, sadəcə olaraq, necə deyərlər, çox təvazökar bir rəqəmdir. Biz heç vaxt heç kimə resurslarımız haqqında yanlış məlumat verməmişdik, heç nəyi şişirtməmişdik. Bəlkə, əksinə, biz olan ehtiyatları ehtiyatla qeyd etmişik ki, həmişə dəqiq olaq. Buna görə də sözümüzə beynəlxalq enerji aləmində inam çox yüksək səviyyədədir».