Monteneqronun Xarici İşlər naziri Milan Roçe Azərbaycanda rəsmi səfərdədir. Azərbaycan Xarici İşlər nazirliyi mətbuat xidmətinin məlumatına görə, səfər proqramı çərçivəsində Milan Roçenin Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevlə görüşləri nəzərdə tutulub.
Milan Roçe Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla da görüşəcək. Görüşdə ikitərəfli münasibətlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və bir sıra digər məsələlər müzakirə mövzusu olacaq.
Milan Roçen jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycana səfər edən ilk Monteneqro rəsmisidir və bu səfər zamanı Azərbaycan və Monteneqro arasında diplomatik və xidməti pasporta malik şəxslər üçün viza rejiminin qarşılıqlı şəkildə ləğvi haqqında saziş imzalanacaq. Onun sözlərinə görə, iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlıq haqqında protokol imzalanması da nəzərdə tutulub. Milan Roçe deyir ki, bu, Azərbaycan və Monteneqro tarixində imzalanacaq ilk sənəddir.