WikiLeaks ABŞ-ın təhlükəsizliyi üçün vacib obyektlərin siyahısını yaydı

WikiLeaks saytı ABŞ-ın milli təhlükəsizliyi üçün son dərəcə önəmli saydığı infrastruktur obyektlərinin siyahısını yayıb. Saytın iddiasına görə Vaşinqton həmin obyektlərə yarana biləcək hər hansı təhlükənin ABŞ-da səhiyyə, maliyyə sahələrinə, ümumi təhlükəsizlik sisteminə zərbə vura biləcəyindən narahatdır.

Siyahıya dənizaltı kabel şəbəkələri, əsas kommunikasiya vasitələri, portlar, mineral ehtiyatlar, strateji əhəmiyyət daşıyan firmalar var. Onlar Avstriyadan tutumuş, Yeni Zelandiyaya qədər dünyanın müxtəlif yerlərində yerləşirlər. Siyahıda Azərbaycanın da iki obyektinin adı var: Bakı-Tbilisi-Ceyhan neft kəməri və Səngəçal Terminalı.

WikiLeaks 10 günə yaxındır ki, ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən Vaşinqtona göndərdikləri gizli məktublar olduğunu iddia etdiyi 250 000 sənədi yaymağa başlayıb.

ABŞ rəsmiləri sənədlərin oğurlandığını, onun yayılmasının qanunsuz olduğunu deyirlər.