Prezident Şuşa müəllimlərini mükafatlandırdı

Prezident İlham Əliyev Şuşa şəhəri 1 nömrəli orta məktəbin bir qrup müəllimini mükafatlandırıb.

Prezidentin dekabrın 6-da imzaladığı sərəncamla məktəbin iki müəlliməsi “Tərəqqi” medalı ilə, bir müəlliməsi isə “Əməkdar Müəllim” fəxri adı ilə təltif edib.

Bu il Şuşa şəhər 1 nömrəli məktəbin 180 illik yubileyi qeyd edilir. Bu münasibətlə prezident İlham Əliyev məktəbin kollektivinə və şagirdlərinə də təbrik məktubu göndərib.

1992-ci ildə erməni silahlı qüvvələri Şuşa şəhərini işğal edəndən bu yana 1 saylı məktəb də Bakıda məskunlaşıb.

Prezident Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bir qrup əməkdaşını da fəxri adlarla təltif edib. Akademiyanın bir əməkdaşı “Şöhrət” ordeni ilə, 10 əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.

Bundan başqa, Akademiyanın dörd əməkdaşına “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, 18 əməkdaşına isə “Əməkdar Müəllim” adı verilib.

Bir əməkdaşa isə Prezidentin Fərdi Təqaüdü təyin edilib.

Prezident İlham Əliyevin bu barədə noyabrın 29-da imzaladığı sərəncamlar dekabrın 6-da elan edilib.