“Müxalifətin zəifliyi həm də iqtidarın zəifliyidir”

Əli Əhmədov

SİYASİ PROSESLƏRİN TULLANTISI?

“Azərbaycan müxalifəti ictimai dəstəyini itirib. Həqiqət ondan ibarətdir ki, müxalifətin radikal qanadı heç kim tərəfindən xoş münasibət bəslənməyən, lazımsız bir quruma – Azərbaycandakı siyasi proseslərin tullantısına çevrilib”.

YAP icra katibi, deputat Əli Əhmədov belə düşünür. O hesab edir ki, müxalifət düşərgəsində bu həqiqəti dərk edənlər artıq öz münasibətlərini aydınlaşdırmaq qərarına gəliblər:

“Azərbaycan müxalifətində çox ciddi dəyişikliklər aparılmasına ehtiyac var. Dəfələrlə seçkilərdə iştirak edən və bu seçkilərin hamısını uduzanların mütləq şəkildə yeniləşməsinə ehtiyac var”.

SİYASİ PARTİYALARDA BÖHRAN

Əli Əhmədovun fikrincə, kimlərsə bunu dərk etmirsə, yeniləşməyə hazır deyillərsə, təbii ki, onların bu inadkarlığı və real proseslərə obyektiv qiymət verə bilməmələri siyasi partiyalarda çox ciddi böhran meyllərinin başlanmasına gətirib çıxaracaq.

Bu günlərdə Sülhəddin Əkbər və İbrahim İbrahimli Müsavat Partiyası sıralarından istefa verdilər. Onlar istefanın səbəbi kimi partiyada müxalifətin birləşməsi ideyasına süni əngəllər törədildiyini bildirirdilər. Müsavat Partiyası isə keçmiş üzvlərinin bu bəyanatı ilə razılaşmayıb onun əksini bildirirdi. Əli Əhmədov həmin istefaları haqqında danışdığı böhranın əlaməti kimi dəyərləndirir.

ƏGƏR DEMOKRATİK SEÇKİLƏR KEÇİRİLSƏYDİ...

İsa Qəmbər
Müsavat Partiyasının başqanı İsa Qəmbər də hesab edir ki, seçkilərdə dəfələrlə iştirak edib onu uduzan siyasi qüvvələrdə yenilik, dəyişiklik labüddür. Amma bu, şəffaf, ədalətli seçkilərin nəticəsi olaraq mümkündür.

İsa Qəmbər deyir ki, indiki hakimiyyətin dövründə Azərbaycanda keçirilən bütün seçkilər total şəkildə saxtalaşdırılıb. Əgər bu seçkilərdə həqiqi səslər nəzərə alınsaydı, Müsavat Partiyası və onunla birlikdə olan demokratik qüvvələr seçkidə qalib gəliblər. Onun sözlərinə görə, obyektiv müşahidəçilər və bu prosesdə iştirak edən yüz minlərlə insanlar da bunu dəqiq bilirlər:

“Hesab edirəm ki, YAP rəhbərləri özlərinin durumuna, ölkədə nüfuzlarını tamamilə itirdiklərinə, seçkidə insanların gəlib onlara səs verməməsinə diqqət eləsələr, saxtakarlığın, “karusel”in ümidinə qaldıqlarını dərk etsələr, bu şəxslər üçün daha faydalı olar, nəinki mənasız yerə müxalifətin partiyaları ilə bağlı böhtan, yalan uydurmaq”.

İsa Qəmbər hesab edir ki, saxtakarlıq nəticəsində hakimiyyətdə qalan qüvvələr ifşa olunduqlarını dərk edib getdikcə həqiqəti təhrif etmənin miqdarını artırırlar. Amma o düşünmür ki, hakim partiya bu yolla özünə hörmət qazana bilər. Partiyalardan ayrılmalara gəlincə, Müsavat başqanı deyir ki, əgər bu göstəricidirsə, təkcə elə bu seçkilərdə YAP-ın özündən xeyli adam prosesdən və partiya sıralarından kənarlaşdırıldı.

7 noyabr seçkiləri nəticəsində formalaşan yeni parlamentdə nə Müsavat, nə AXCP, nə də Əli Əhmədovun radikal adlandırdığı digər siyasi qüvvələrin təmsilçiləri var.

MÜXALİFƏT VAR, ŞƏRAİT YOXDUR

“Zerkalo” qəzetinin siyasi şərhçisi Nicat Məlikov isə düşünür ki, hər hansı bir demokratik ölkədə müxalifətin vəziyyəti hakimiyyətin keyfiyyətini göstərən faktordur. Əgər açıqlama verilirsə ki, müxalifət artıq öz funksiyasını yerinə yetirə bilmir, bu, müxalifətlə yanaşı həm də iqtidarın zəifliyinin göstəricisidir. O ki qaldı müxalifətin yenilənməsi barədə deyilənlərə, Nicat Məlikov hesab edir ki, bunun üçün şərait olmalıdır:

“Əgər yeni müxalifət yaradılmalıdırsa, əlbəttə ki, ona müəyyən bir şərait də yaradılmalıdır. İndi ortaya belə bir sual çıxır: keyfiyyətcə yeni müxalifətin, həmin bu rejimdə öz funksiyalarını yerinə yetirməsinə şərait varmı?”.

Nicat Məlikovun fikrincə, əgər YAP rəhbəri açıqlama verib deyirsə ki, “bu müxalifət zəifdir, o getməlidir,” onda yəqin ki, o bu müxalifətin nəyə görə zəif olduğunun da səbəbini konkret şəkildə açıqlamalıdır.