Bakıda Xəzərin statusu ilə bağlı işçi qrupun iclası keçiriləcək

Yanvarın sonu-fevralın əvvəlində Bakıda Xəzərin statusu ilə bağlı işçi qrupunun növbəti görüşü keçiriləcək.

Bu barədə ANS PRESS Xarici işlər nazirinin müavini Xələf Xələfova istinadla xəbər verir.

O, bildirib ki, iclasda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində qəbul edilmiş protokolda nəzərdə tutulan məsələlər müzakirə olunacaq.

Nazir müavini qeyd edib ki, sammitdən sonra bəzi razılaşmalar əldə olunub ki, onların üzərində işləmək lazımdır.

“Sammitdə dövlət başçılarının protokol qərarı elan olundu. Qərara görə, 3 ay müddətində 2 məsələ üzərində danışıqlar aparılmalıdır. Onlardan biri nərə balıqlarının ovlanmasına moratorium qoyulması, digəri isə, milli zonaların və suverenlik zonasının 24-25 mil həddində razılaşdırılmasıdır”.-deyə o vurğulayıb.