Azərbaycan rejissoru Nobel Sülh Mükafatını necə lentə aldı?

Nazim Rza

«Təəssüf ki, həm bizdə, həm də xaricdə çoxları bilmir ki, Nobel mükafatı fondu nədən, haradan yaranıb».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına kinorejissor Nazim Rza İsrafiloğlu söylədi.

ALFRED NOBELİ DİNAMİTİN KƏŞFÇİSİ KİMİ TANIYIRLAR

Vaxtilə Nobel mükafatının təqdimat mərasiminə qatılan üç Azərbaycanlıdan biri olan Nazim Rza Norveçdə Nobellərin Azərbaycandakı fəaliyyəti barədə məlumatlı olmadıqları qənaətindədir: «Elə şeylər var ki, onlar eşidəndə təəccüblənirdilər. Mükafatın təsisçisini dinamiti kəşf edən insan kimi tanıyırlar. Və deyirlər ki, Fonda qoyduğu vəsait dinamitdən əldə olunan vəsaitdir».

Nazim Rza bu fikirdədir ki, biz fəxr etməliyik ki, o Fondun və mükafatların yaranmasında Azərbaycanın böyük payı olub: «Amma təəssüflər olsun ki, biz bundan istifadə edə bilmirik. Biz Nobeli özümüzə yaxınlaşdırmalıyıq, özümüzə çəkməliyik. Nobellər çox ziyalı ailə idi və Azərbaycanda özləri haqqında yaxşı imic yarada bilmişdilər».

NOBELLƏR NEFT SƏNAYESİNİ İNKİŞAF ETDİRDİ

Nazim Rza «Odlu məmləkət» adlı 12 seriyalı filmi çəkərkən Nobellərin fəaliyyəti ilə daha yaxından tanış olduğunu dedi: «Nobellərin fəaliyyəti Azərbaycanın neft sənayesinə inkişaf gətirib. Neftin sivil yollarla çıxarılması, emalı, nəqli sahəsində Nobellər çox böyük işlər görüblər».

SOVETLƏRDƏ NOBEL MÜKAFATINA MÜNASİBƏT PİS İDİ


Nazim Rza Sovetlərdə bu mükafata ideoloji münasibət olduğunu vurğuladı: «Xüsusən ədəbiyyat sahəsində, sülh sahəsində verilən mükafatlara pis baxırdılar. B.Paternakın, A.Soljenitsının başına gələn olaylar belə deməyə əsas verir».

MÜKAFATIN TƏQDİMATINI ÖZÜMÜZ ÇƏKMƏK İSTƏDİK

1996-cı ildə çəkilən «Odlu məmləkət» filmində Bakı neftinin tarixini ta qədimdən çağdaş zamanadək araşdırdığını deyən Nazim Rza filmin Nobellər bölümünə gələndə mükafatın təqdimat mərasimindən çəkiliş aparmaq fikrinə düşdüklərini dedi: «Amma ora düşmək, akkreditasiya almaq çətin idi».

Rejissor o vaxt Bakıda Norveç konsulluğunun olduğunu, onlarla danışıq apardıqlarını yada saldı: «Nobel Komitəsindən, Nobel İnstitutundan razılıq aldılar və bizi 1996-cı ilin təqdimetmə mərasiminə
Alfred Nobel (1833-1896)
akkreditasiya etdilər».

ÇƏKİLİŞ YERİNİ GÖRƏNDƏ ŞOKA DÜŞDÜM

Norveçdə Nobel İnstitutunda və s. görüşlər keçirdiklərini, müsahibələr aldıqlarını xatırlayan Nazim Rza mükafatın təqdimat mərasimində onlara göstərilən münasibətdən təəccübləndiyini deyir:

«Çəkiliş aparmaq üçün bizə ayrılan yerə baxanda məyus oldum. O qədər TV kameralar qoyulmuşdu ki, tərpənmək mümkün deyildi. Üstəlik, salonun qanad tərəfindəki balkondan çəkməliydik. Ordan heç nə çəkmək olmazdı».

MƏNƏ TƏK İŞLƏMƏK ÜÇÜN ŞƏRAİT YARADIN!

Nazim Rzadan yarımbaşlığa çıxardığım sözü eşidən təşkilatçılar təəccübləniblər: «Hər yerdə Norveç TV-sinin kameraları qoyulmuşdu. Mən onları göstərib dedim: Bəs bunlara necə icazə verirsiniz? Dedilər, axı bu bizim tədbirimizdir. Sizə nə lazımdırsa, dəqiqə hesabı ilə (dəqiqəsi 6 min kron) ödəniş edin, kadrları götürün. Qayıtdım ki, pulsuz versəniz də o kadrlar mənə lazım deyil. Filmi öz istədiyim kimi çəkməliyəm. Dedilər, Norveç TV-si eksklüziv hüquqa malikdir».

BƏS NİYƏ BU HAQQ AZƏRBAYCAN TELEVİZİYALARINA VERİLMİR?


Nazim Rza norveçlilərə elə beləcə də deyib. Bu dəfə onlar təəccübləniblər: «Dedim, bu tədbir həm də Azərbaycanın tədbiridir. Necə yəni? – deyə soruşdular. Dedim, mükafat verdiyiniz Nobel Fondunun yaranmasında Azərbaycan neftindən qazanılan pullar böyük rol oynayıb. Bir az gözləməyimi xahiş etdilər, müxtəlif yerlərə zəng vurdular, 10 dəqiqədən sonra məsələnin həll olunduğunu dedilər».

BU YER SİZƏ BƏS EDƏR?

Verilən yerlə kifayətlənməyən rejissor filmi fərqli nöqtələrdən çəkmək arzusunu da təşkilatçılara çatdırıb: «Bir az fikirləşib razılaşdılar. Bir şərtlə ki, səs olmasın. Çünki tədbirdə kral ailəsi iştirak edirdi».

- Nazim Rzanı Nobel Sülh Mükafatının təqdimat mərasimində ən çox nə heyrətləndirdi?
- Həmin il Sülh mükafatı kimlərə verilirdi? Laureatların sonrakı taleyindən rejissor hansı maraqlı faktlar söylədi?
- Laureatların Nobel nitqinin hansı özəlliyi Nazim Rzanı təəccübləndirdi?
- Kral ailəsinin mərasimə gəlişi və gedişi necə keçdi? Bizim adət etdiyimiz ajiotaj baş verdimi?
- Qonağımız Nobellərin Bakı neftindən qazandıqlarından nələr danışdı?
- «Odlu məmləkət» filminin montajını nədən bir neçə günə bitirməyə məcbur oldu?
- AzTV bu filmi illərdir niyə göstərmir?