«Rəşid Behbudov elitar azərbaycanlı idi»

Qulu Məhərrəmli və Fazil Rəhmanzadə

«Rəşid Behbudovdan danışmaq Azərbaycan mədəniyyətinin böyük bir epoxasından danışmaq deməkdir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının Rəşid Behbudovun 95 illiyinə həsr olunmuş canlı efirində jurnalist Fazil Rəhmanzadə söylədi.

Fazil bəyin fikrincə, XX əsri Azərbaycan mədəniyyətinin intibah dövrü adlandırmaq olar. «Bu intibahın ən qüdrətli nümayəndələrindən biri Rəşid Behbudov idi».

TƏƏSSÜF Kİ, ONUN 80-85-90-95 İLLİK YUBİLEYLƏRİ KEÇİRİLMƏDİ

Fazil bəy uzun illərdir haqqında yazdığı, dəfələrlə görüşdüyü, müsahibələr aldığı müğənninin bu səssiz yubileylərindən çox incidiyini bildirdi və səbəblərini açıqladı:

«O vaxt mədəniyyət naziri Polad Bülbüloğlu idi. Rəşid Behbudovun ailəsi ilə Polad Bülbüloğlunu ailəsi arasında barışmaz münasibət, qısqanclıq hissi var idi. Bu da Polad Bülbüloğlunun qeyri-obyektiv münasibəti səbəbindən yaranmışdı. Amma Müslüm Maqomayev onun 85 illiyini Moskvada öz hesabına keçirdi».

RƏŞİD BEHBUDOVDAN BÖYÜK MÜĞƏNNİMİZ KİM OLA BİLƏRDİ Kİ?…

Bütün bunları ağlasığmaz və qeyri-normal hesab etdiyini deyən Fazil Rəhmanzadə «Rəşid Behbudovdan böyük müğənnimiz kim ola bilərdi ki?--dedi. «Bir vaxtlar Azərbaycanı dünyada tanıdan, dünyanı Azərbaycana gətirən bir şəxsiyyəti biz unutduq».

İLLƏRLƏ TƏMASA DƏYƏN BİR VERİLİŞ

Rəşid Behbudov
Verilişin digər qonağı jurnalist Qulu Məhərrəmli Rəşid bəydən cəmi bir veriliş hazırladığını xatırladı. Amma bu veriliş illərlə təmasa dəyən veriliş oldu. «Azərbaycan dünya meridianlarında» adlı proqramın ilk buraxılışını Rəşid Behbudova həsr etdiklərini deyən qonağımız hazırlıq dönəmində Rəşid bəyin tələbkarlığına heyran qaldığını dilə gətirdi:

«Onun üçün əhəmiyyətli idi ki, mikrofon niyə orda yox, bu tərəfdə qoyulub. İşıq hansı tərəfdən düşür? Kamera necə çəkir? Verilişdə kimlər olacaq? Verilişi kim aparacaq? Onun üçün əhəmiyyətsiz heç bir detal yox idi. Bunun hesabına o, sənətini sevdirə və irəlilədə bilmişdi».

RƏŞİD BEHBUDOV ELİTAR AZƏRBAYCANLI TİPİ İDİ

Qulu Məhərrəmli «Mənim üçün Rəşid Behbudov təkcə dahi müğənni deyildi, həm də elitar Azərbaycanlı tipi idi»—dedi. «Onun danışığı, davranışı, geyimi o qədər xoşagələn idi, müraciəti o qədər şirin idi ki, yaddaşımdan çıxmır. Biz xoşbəxt jurnalistlərik ki, belə ustadlarla təmasda olmuşuq».

--Fazil Rəhmanzadə Rəşid Behbudovun ölüm səbəbindən nələr danışdı?
--O dövrdə Mədəniyyət Nazirliyindən onunla niyə maraqlanmırmışlar?
--Qonaqlarımız Rəşid Behbudovdan hansı xatirələr danışdılar?
--Rəşid Behbudov hansı Sovet rəsmisinə «Oxumaq Sizlik deyil» söyləmişdi?
-- «Sevil»i kimin yazdığını bilməyən jurnalistə Rəşid bəy nə söylədi?
-- Rəşid Behbudovu o dövrdə sənətdə olan hansı geriləmələr narahat edirdi?
--Fazil Rəhmanzadənin «Bu dünyanın Rəşidi» kitabı nə vaxt hazır olacaq?
--Qulu Məhərrəmli onun haqqında xatirələrini yazıya köçürəcəkmi?

«Can Bakı»nı özünüz dinləyin.