Bu sözləri «Sinema» Gənc Kinematoqrafçılar Mərkəzinin nəzdində yaradılan «Kino yaradıcılıq klinikası»nın təmsilçisi Sədi Məmmədov AzadlıqRadiosu müxbirinin «Adini niyə klinika qoydunuz» sualına cavabında bildirdi.
ADIN NƏ FƏRQİ VAR?
Sədi Məmmədov kursları eynən Moskvada olduğu kimi Ali Kino Kursları, ya da Hollywood-a mövcud olan oxşar qurumlar kimi adlandıra biləcəklərini də dedi: «Bu ad daha mobil, daha çevikdir. Ölkədə ilk dəfə yaradılan bu klinika yaradıcılıq emalatxanası şəklində fəaliyyət göstərəcək».
Kino sahəsində diplomlu mütəxəssisləri Mədəniyyət və İncəsənət Universitetinin yetişdirdiyini deyən Sədi Məmmədov «Biz onlardan yaxşı dərs keçməyəcəyik, amma praktik vərdişlər aşılayacağıq» - deyə bildirdi.
TƏLƏBƏLƏR KİNOLENTƏ FİLM ÇƏKƏCƏKLƏR
Dünyanın hər yerində tələbələrin kinolentə film çəkdiyini vurğulayan müsahibimiz bizdə hətta yaşlı kino işçilərinin belə kinolenti ancaq «Azərbaycanfilm» kinostudiyasından sifariş alanda gördüklərini qeyd etdi: «Biz istəyirik ki, bizim rejissorlar tələbə vaxtı nəzəri biliklərlə bərabər praktik vərdişlərə də yiyələnsinlər. Söhbət həm ssenari vərdişlərindən, həm də dublyaj aktyorluğundan gedir».
GƏLƏCƏK İSTİQAMƏTLƏR SÜRPRİZ QALACAQ
Sədi Məmmədov kursların üç istiqamətdə - rejissorluq, dublyaj və ssenari yaradıcılığı üzrə aparılacağını söylədi: «İnşallah, birinci buraxılışdan sonra işimizi daha iki istiqamətdə genişləndirmək fikrindəyik. Amma qoyun hələ bunlar sürpriz olaraq qalsın. İlk üç istiqamətdə apardığımız işin bəhrəsini görək, nəticələrə baxaq, sonra hansı kursların nəzərdə tutulduğunu daha detallı elan edəcəyik».
KURS 6 AY DAVAM EDƏCƏK
Kurslar fevraldan başlayıb iyulda yekunlaşacaq: «Uzun müddətdir müxtəlif məktəblərlə danışıqlar aparırıq, müxtəlif təcrübələri mənimsəyirik, öyrənirik. Bu qərara gəldik ki, artıq zamanıdır. İşə başlamaq olar».
YARADICILIQ KLİNİKASI DÜNYAYA AÇILACAQ
Tərəfdaşlar arasında Nyu-York Beynəlxalq Film İnstitutunun, Gürcüstan Dövlət Televiziya və Kino İnstitutunun, Polşa Televiziya və Kino İnstitutunun və b. olduğunu deyən Sədi Məmmədov onlarla razılaşdıqlarını da bildirdi: «Müəllim və tələbə mübadiləsini əhatə edən razılaşmalarımız var. Amma bütün razılaşmalar o vaxt mümkün olar ki, bu kurs mövcud olsun. Kursda insan potensialı olsun».
TƏLƏSİN
Xatırladaq ki, «Sinema» Gənc Kinematoqrafçılar Mərkəzinin nəzdində yaradılan «Kino yaradıcılıq klinikası» artıq qəbul şərtlərini mediada açıqlayıb. Sənədlər yanvarın 20-dək qəbul ediləcək. Yanvarın 20-dən 31-nə qədərki dövr-- kastinq dövrü olacaq.