Litva Belorusa viza şərtlərini yüngülləşdirir

Litva Belorusa tətbiq etdiyi 60 avro viza haqqını ləğv etməyi planlaşdırır. Vilnüs bu addımı Belorusda seçkidən sonra əzilən Belorus müxalifəti ilə həmrəylik əlaməti kimi atmağa hazırlaşdığını bildirir.
Litvanın Xarici İşlər Nazirliyi artıq təkliflərini dekabrın 30-da Minskə çatdırdıqlarını bildirib.

Qonşu Polşa da elan edib ki, yanvarın 1-də Belorus vətəndaşlarından 20 avro miqdarında viza haqqını almayacaq. Amma Varşava həm də əlavə edib ki, Lukaşenkonun rəqiblərinin sıxışdırılmasında əli olanları Polşaya buraxmamaq hüququnu özündə saxlayır.

Dekabrın 19-da keçirilmiş prezident seçkisində yenə Aleksandr Lukaşenko qalib elan edilib. Seçkinin saxtalaşdırldığını deyən müxalifətin keçirdiyi etiraz aksiyasında isə 600 nəfər, o cümlədən Lukaşenkoya rəqib olmuş yeddi nəfər prezidentliyə namizəd həbs edilib.