Masazırın palçığı...

Masazırda avtobusdan ayağını yerə qoyan kimi palçığa düşürsən

AVTOBUSDAN PALÇIĞA DÜŞDÜK

Bakının 10 kilometrliyində yerləşən Masazır kəndində avtobusdan ayağını yerə qoyan kimi palçığa düşürsən. Yağış iki-üç gün əvvəl yağıb, günəş çıxsa da, qəsəbənin ara küçələri palçıq, lehmədir. Bircə mərkəzi küçədən başqa:

- Qış olanda buralar palçıq, zığ olur. Uşaqlarımız məktəbə gedə bilmir. Uşaqlar iki-üç ayaqqabı götürməkdən yorulublar. Yolda iki dəfə ayaqqabı dəyişirlər. Acınacaqlı vəziyyətdəyik. Baxan yoxdur. Yağış yağanda evdən çölə çıxmaq qeyri-mümkündür. Dəfələrlə qonşularla bələdiyyə üzvlərinə demişik. Seçkiqabağı olanda deyiblər ki, yaxşı olacaq. Amma ondan sonra bir şey yoxdur. Qonşularla yol düzəltməkdən yorulmuşuq.

Vaqif taksi sürücüsüdür. Deyir ki, şəhərə işə gedən çantada özüylə ayaqqabı daşıyır. Qışda bəziləri ayaqqabısını mağazada qoyub gedir:

- Qış vaxtı bu mağazanın qabağı ayaqqabı ilə dolu olur. Ayıbdır. Yağış yağanda maşın da tərpənmir. Xəstə, yaşlı qadınlar mağazaya gedə bilmirlər. Yağış olmayanda sevinirik ki, küçələrimiz təmizdir.

On yaşlı Fəzlil dostu ilə küçədə qaçdı-tutdu oynamaq istəsə də, şalvarının balağına baxıb vaz keçir. Deyir ki, payız düşəndə dostları ilə küçədə oynamır:

- Öz həyətimizdə oynayırıq. Çölə çıxmıram. Palçığa görə çıxmıram.

Fəzlil deyir ki, yağış yağan kimi çantada ayaqqabı daşıyırlar:

- Məktəbdə təmizlyiə riayət edirik. Ayaqqabının birini yolda geyinirik, məktəbə çatanda çıxardır, o birini
«Özünüz görürsüz, bu kəndə nə bələdçilik»
geyinirik.

NİYƏ BAHALI AYAQQABI ALMIRLAR

Masazırda ara küçəylə gedən maşınlar torpaq yolu basıb çala-çuxur yaradıb. Çirkli su, lehməylə dolu bu küçədən maşın keçəndə hamı üzünü divara çevirir ki, palçıqlı su üstünə-başına sıçramasın.

Yaşı 50-ni adlamış geyimi-gecimi yerli-yerində xanım-xatın bir xalanın ayağında əzik-üzük yay ayaqqabısı nəzərimi çəkir. «Allah hamının yolunu açsın. Biz də içində» - deyir. Beynimdən keçən sual bir anda dilimə gəlir: «Deyəsən, yola görə, bahalı ayaqqabı almırsız?». Cavabında xeyli susur, sonra da gülür: «Özünüz görürsüz, bu kəndə nə bələdçilik».

«ƏJDAHA KİMİ SUYUN QABAĞINI KƏSİBLƏR»

Sürücü Vaqifdən, Fəzlildən fərqli olaraq növbəti həmsöhbətim Əlibaba Həsənov səbrlidir:

- Yollar kənd yoludur. Nə olasıdır. Düzəldirlər. Bələdiyyəmiz sağ olsun. O biri küçələri düzəldib, sırayla gəlirlər. Baş küçəni, magistral yolu asfaltlayırlar. Siz problem axtarırsız o başqa. Məsələn, burda su problemdi. Camaat yanır. Suyu saatla verirlər. Nağıllarda əjdaha gəlir suyun qabağını kəsir, onun da başını qatmaq üçün qabağına qız atırlar ey, eşitmisiz də o nağılı? Əjdaha da qızı yeyənə kimi su gəlir. Bu su idarəsində işləyənlər də əjdahaya dönüblər. İki saat su gəlir. Bu dəqiqə yoxdur. Üç min manat xərcim çıxıb. 20 tonluq hovuz düzəltdirmişəm. Bəzən elə olur həftəynən su gəlmir.

ODUN, SAMOVAR VƏ GÖZYAŞARDAN REALLIQ

Masazır şəhərdi. Amma qaz əvəzinə odun yandırırıq.
Nizami əminin həyətinə girən kimi odun tədarükü gözə dəyir. Ev sahibi bağındakı hələ qocalmamış ağacları köklü-köməcli çıxarıb doğramağa hazırlaşır. Yanındakı samovar isə əsl kənd romantikasını xatırladır. Amma az sonra hələ qurumamış ağaclardan qalanmış ocaq gözümüzü elə yaşardır ki, reallığa qayıdırıq.

Nizami əmi hamamı qızdırmaq üçün odun yandırır. Deyir ki, odunun tüstüsü özlərini də, qonşuları da kor eləyir:

- Odun yandırırıq. Mənim uşaqlarım soyuqdan qırılır. Keçin baxın, evim hisin içindədir.

Nizami əmi əynindəki kirli, nimdaş paltarlarını göstərir. Şalvarı, qalın köynəyi peyinqarışıq palçığa bulşaıb. Deyir ki, qaz yoxdur, onun pal-paltarı da ayda bir dəfə yuyulur:

- 248 manat alıram. Uşağımın pal-paltarı, evim də bu gündə. Bu nə yaşayışdı? Masazır şəhərdi. Amma qaz əvəzinə odun yandırırıq.

«ŞİRİNLİK»


Nizami əminin həyat yoldaşı və oğlu ətəyindən dartıb qırağa çəkirlər ki, danışmasın. Deyirlər ki, bir dəfə qaz idarəsindən şikayət ediblər, onlara qaz vermək əvəzinə 140 manat cərimə yazıblar.

Masazıra qaz çəkilişi təzə başlayıb
Əslində, Nizami əminin evində yeni ildən qaz yana bilərdi. Qaz xətti çəkilib, sayğaclar da hazır vəziyyətdə gözləyir. Qonşusunun dediyinə görə, onlardan bunun üçün «şirinlik» istəyiblər:

- Sayğac qoyanlar deyirlər ki, pul verin quraşdıraq. Kimə qaz çəkiblər pul alıblar, 10 manat, 15 manat, 20 manat. «Vermirsənsə, gözlə» deyirlər. «Yoxsa hələ işləyirik».

Masazıra qaz çəkilişi təzə başlayıb. Kəndin bəzi küçələrində artıq qaz yanır. O ki qaldı, şirinlik istənməsinə, bayram günü olduğundan bunu qaz idarəsiylə dəqiqləşdirə bilmədik.

Ölkədə qeyri-iş günü olduğundan kənddəki rəsmi qurumlarla əlaqə yarada bilmədik. Amma Masazır bələdiyyəsinin saytında belə yazılıb:

«Masazır quruculuq və abadlıq mərhələsindədir, hal hazırda abadlıq işləri gedir».

Kəndin Əliağa Vahid küçəsindəsə işıq dirəkləri quraşdırılır.

MASAZIRIN PALÇIĞI BİZİ DƏ UTANDIRDI

Masazırda gördüklərimiz bu qədər. Kənd avtobusundan düşüb ofisimizə yol alırıq. Günəşli gün, şəhərin mərkəzi və bizim batdaqlı ayaqqabılarımız. Dərhal diqqət çəkirik. Qəsəbədə çəkmələrimizin palçığa bulaşmasına fikir verməmişdik. Orda zatən hər yan palçıqdı...

Kənara çəkilib ayaqqıblarımızın altındakı peyin qarışıq palçığı təmizləməyə, üstünü silməyə tələsirik. Həmkarım Nüşabənin əziyyəti ikiqatdır. Çəkiliş apardığı kameranın ştativlərinə yapışmış palçığı təmizləmək üçün xeyli tər tökür.

Masazırlılarsa bu əziyyəti hər gün çəkir.