«Amerika Qarabağ məsələsində mövqeyini dəyişməlidir»

Stiven Blank
Pensilvaniyadakı ABŞ Ordusu Müharibə Kollecində Strateji Araşdırmalar İnstitutunun professoru Stephen Blank «National review»da çap edilən «Azərbaycan, Ermənistan və Amerika» məqaləsində yazır:

Noyabrda NATO özünün Lissabon sammitində formal olaraq Azərbaycanın tərəfini tutdu, Azərbaycanın «ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini» tanıdı. Bundan 11 gün sonra ATƏT sammitində Azərbaycan və Ermənistan arasında yeni fəaliyyət planını razılaşdırmaq mümkün olmadı.

Ermənistan prezidenti Sarkisyan Azərbaycanı Dağlıq Qarabağı dövlət kimi tanıya biləcəyi ilə hədələdi.

Əgər bu baş verərsə, iki ölkə arasında müharibəyə də olmasa, əbədi düşmənçiliyə səbəb ola bilər.

BU MÖVQEYİ DƏYİŞMƏK LAZIMDIR


Amerika hazırkı vəziyyətə biganəlik göstərir. Amma bu mövqeyi dəyişmək lazımdır.

Ermənistanın bu iddialarına münasibət bildirilməməsi ATƏT-in bir vasitəsçi kimi öz rolunu lazımınca yerinə yetirə bilməməsini göstərməklə yanaşı həm də ondan xəbər verir ki, ötən il də Azərbaycan diplomatiyası üçün uğurlu olub – ölkənin Qərb, o cümlədən Amerika üçün strateji əhəmiyyəti artır.

Azərbaycan öz enerji müstəqilliyini qorumaqla yanaşı həm BP ilə qaz müqaviləsi bağlayır, «Nabucco» layihəsinin mühümlüyünü nümayiş etdirir, həm dəqaz ixracını ikiqat artırmaqla Rusiya ilə münasibətlərini yaxşılaşdırır. Bakı Türkmənistanla da əlaqələrini yaxşılaşdırıb. Artıq Türkmənistan öz qazını Avropaya nəql etməyə hazır görünür. Azərbaycanın Türkiyə ilə də münasibətləri normallaşıb.

ERMƏNİSTAN İRANA SİLAH SATIR

Ermənistan Rusiyadan asılı dövlət olaraq qalmaqdadır
Ermənistan isə Rusiyadan asılı dövlət olaraq qalmaqdadır. Türkiyə ilə münasibətləri normal deyil. Bundan başqa, məlum olub ki, Qərbin maraqlarına zidd olaraq İrana silah satırmış.

Ermənistanın yürütdüyü siyasətin dalana dirəndiyi görünür, Azərbaycan isə hərbi büdcəsini artırıb və indi bu, Ermənistan və Dağlıq Qarabağın ümumilikdə büdcəsindən artıqdır.

Sülh danışıqlarında nəzərəçarpacaq irəliləyişin olmaması, eləcə də Azərbaycanın hərbi gücünün artması narahatlıq doğuran bir ehtimala yol açır.

Bakıda kimlərsə münaqişəni hərb yolu ilə həll etməyə çalışa, Yerevanda isə kimlərsə bunu önləmək üçün Azərbaycana preventiv zərbə vurmaq haqda plan hazırlaya bilər.

AZƏRBAYCAN HƏRBİ BÜDCƏSİNİ ARTIRSA DA...

Yeni müharibə bölgədə humanitar fəlakət yarada bilər. Azərbaycan hərb büdcəsini artırsa da, bəzi ekspertlər düşünür ki, onun gücü hələ də Ermənistanla müqayisə edilə bilməz.

Azərbaycan ilk zərbəsinin şokundan sonra savaşı uduzmağa başlaya bilər.

Bundan başqa, münaqişəyə Rusiya müdaxilə edə bilər. Necə ki, 1992-93-cü illərdə Azərbaycan ordusunun qələbəsinin qarşısını almaq üçün Ermənistana 1 milyard dollarlıq silah verilmişdi.

İndi Türkiyə və Rusiya arasında münasibətlər çox yaxşıdır. Amma...
İndi Türkiyə və Rusiya arasında münasibətlər çox yaxşıdır. Amma Türkiyə həm də Azərbaycanla müttəfiqdir. Əgər Türkiyə yenidən baş qaldıran münaqişəyə müdaxilə etməsə, onda Qafqazdakı hörmətini itirər.

Rusiya maraqların toqquşması səbəbinə görə, hazırda sülh danışıqlarında ədalətli vasitəçilik edə bilmir.

MÜNAQİŞƏNİN HƏLL OLUNMAMASI ERMƏNİSTANIN RUSİYADAN ASILILIĞINI ARTIRIR

Əgər NATO Lissabon sammitindəki bəyanatına sadiqdirsə, Rusiya ilə münasibətlərinin yenidən normallaşmasını da nəzərə alıb münaqişənin həlli üçün daha çox səy göstərməli, xüsusən Amerika və Fransa vasitəçi kimi fəallığını artırmalı, bu işdə aparıcı rol oynamalıdır.

Gürcüstanla Rusiya arasında konflikt göstərdi ki, belə donmuş münaqişələrin həlli nə dərəcədə vacibdir və beynəlxalq münasibətlərə necə böyük təsir edə bilər.

Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi Ermənistanın Rusiyadan asılılığını daha da möhkəmləndirir. Azərbaycan isə Qərb, xüsusən də Amerika üçün çox vacib ölkədir. NATO-nun təyyarələri Əfqanıstana Azərbaycanın hava məkanından keçməklə uçur. Bundan başqa, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib halqadır.