Avropa Birliyi ölkələrinə səfərlər asanlaşa bilər

İlham Əliyev və Joze Manuel Barroso

«YALNIZ BAZAR DEYİL, İNSANLAR DA YAXIN OLMALIDIRLAR»

Avropa Birliyi (AB) ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı yaxın gələcəkdə müzakirələr başlanacaq.

Bunu Azərbaycanda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso yanvarın 13-də Azərbaycan prezidenti ilə görüşdən sonra birgə mətbuat konfransında deyib:

«Bu, azərbaycanlıların Avropa Birliyinə səfərini asanlaşdıracaq. Yəni, yalnız bazar deyil, insanlar da yaxın olmaldır».

VİZA MƏSƏLƏSİ MÜZAKİRƏ MÖVZUSU OLUB

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun AzadlıqRadiosuna dediyinə görə, hələ ortalıqda yeni bir şey olmasa da, viza məsələsi il ərzində Avropa Birliyi ilə müzakirə mövzusu olub və indi də gündəlikdədir:

«Gözləyirik ki, bizim vətəndaşların Avropaya səfər etməsi ilə bağlı viza rejimi yumşalsın. İnsanlar daha asan viza alıb Avropaya təmaslarını daha da genişləndirsinlər. Bu həm də Azərbaycanın Avropaya inteqrasiya prosesinə əlavə bir təkan ola bilər».

Avropa Birliyi və Azərbaycan yanvarın 13-də Bakıda «Cənub qaz dəhlizi» haqqında birgə bəyannamə də imzalayıblar
Cənab Barroso yanvarın 14-də keçirdiyi brifinqdə Azərbaycanın insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri də yada salıb:

«İNSAN HÜQUQLARI VƏ SİYASİ İSLAHATLAR MÜNASİBƏTLƏRİMİZİN MƏRKƏZİNDƏDİR»

«Biz insan hüquqları məsələsinə böyük önəm veririk. İnsan hüquqları və siyasi islahatlar münasibətlərimizin mərkəzindədir. Bu, müasir demokratiyanın təzahürüdür. Bu, həmçinin siyasi sabitliyin təminatıdır. Əlbəttə ki, biz müxalifətçi bloqqerlərin azadlığa buraxılmasını dəstəkləyirik, alqışlayırıq. Bu, sərbəst toplaşma, söz və fikir azadlığının təzahürüdür. Eynulla Fətullayevin azadlığa buraxılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi öz fikrini söyləyib. Mən bu məhkəmənin mövqeyi ilə bağlı münasibətimi dostcasına, səmimi şəkildə prezident İlham Əliyevə bildirdim».

«ƏGƏR TÜRKMƏNİSTANDAN DA QAZ ALIRLARSA...»

Avropa Birliyi və Azərbaycan yanvarın 13-də Bakıda «Cənub qaz dəhlizi» haqqında birgə bəyannamə də imzalayıblar. Sənəddə Bakının Avropaya uzun müddət «kifayət qədər» həcmdə qaz verməsi nəzərdə tutulur.

Rasim Musabəyov
Bəzi təhlilçilər hesab edirlər ki, Avropanın qaz maraqları Azərbaycanda insan hüquqlarına mənfi təsir edə, təsir vasitələri yumşala bilər.

Deputat Rasim Musabəyov düşünür ki, Avropa Birliyinin insan hüquqları ilə bağlı tələbləri, iqtisadi tələblərlə heç də üst-üstə düşmür:

«Fikir verin, Türkmənistandan da qaz almaq niyyətindədirlərsə, bu o deməkdir ki, Avropa üçün insan hüquqları ilə bağlı standartlar kommersiya maraqları ilə ziddiyyət təşkil eləmir. Avropa Birliyi heç bir dövləti məcbur edə bilməz ki, get mənim müəyyənləşdirdiyim prinsiplərə əməl et. Əgər Avropa Birliyi indi Liviya, Əlcəzairlə münasibətləri genişləndirirsə, müqavilənin imzalanıb, imzalanmamasının buna elə də ciddi təsiri olmayacaq».

Politoloq Leyla Əliyeva isə hesab edir ki, enerji maraqları fonunda Avropa qurumları Azərbaycana qarşı insan hüquqları ilə bağlı standartlarını az da olsa yumşaldırlar.

Viza rejiminin sadələşdirlməsi məsələsinə gəldikdə, politoloq bunu Azərbaycanın Avropaya inteqrasiyası, ölkədə demokratiyanın inkişafı üçün yaxşı fürsət hesab edir. Onun fikirincə,
İlham Şaban
əgər Azərbaycan hakimiyyəti bu inteqrasiyanı istəyirsə, ondan ciddi yararlanmalıdır.

AVROPA BİRLİYİ İLƏ QAZ SÖVDƏLƏŞMƏSİNİN PƏRDƏARXASI

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, hələki «Nabucco» kəmərinin reallaşacağı halda Azərbaycanın strategiyası 15-20 ildən sonra ildə bu kəmərlə 30-35 milyard qaz nəql etməkdir.

İlham Şabana görə, indiki qiymətlə hesablansa, qaz satışı Azərbaycana ildə 7,5 milyard dollara yaxın vəsait gətirəcək. Ekspert neftin Azərbaycana gətirdiyi vəsaitlə bu vəsaitin xeyli fərqləndiyini deyir:

«Özü də bu mən dediyim rəqəm Azərbaycanın mənfəəti deyil, gəliridir. Burdan istismar xərcləri, xarici şirkətlərin payını çıxanda yəqin ki, Azərbaycanın gəliri 3-4 milyarddan yuxarı olmayacaq».

İlham Şaban müqayisə üçün deyir ki, 2010-cu ilin nəticələrinə görə, Azərbaycanın mənfəət neftindən gələn gəlirləri 16 milyard dollar olub.

Ekspertə görə, ildə 500 milyard qaz təlabatı olan Avropa üçün 30 milyard kubmetr qaz elə də böyük bir rəqəm deyi. İlham Şabana görə, əslində Avropa Birliyi bu kimi layihələri gündəlikdə saxlamaqla Rusiyadan daha sərfəli şərtlərlə qaz almaq siyasəti aparır.