"Trotskist-müsavatçı-ziyançı qrupun üzvlərinə hökm"

"Qonaqkənd ziyançılarının işinə dair Azərbaycan SSR Ali məhkəməsi sessiyasının hökmü

Avqustun 31-də, Qonaqkənd klubunun qabağındakı meydanda mindən artıq adam toplaşmışdı. Uzaq kolxozlardan kolxozçular və kolxozçu qadınlar gəlmişdi. Hamı, murdar xainlərə, sosialist kənd təsərrüfatının ziyançılarına cəza hökmünün çıxarılmasını gözləyirdi. Saat 17-də klub binasına girməyə icazə verildi. Meydanda yığılmış adamların ancaq yarısına məhkəmə zalında yer oldu, qalanları meydanda durub gözləyirdilər.
Nəhayət, məhkəmənin sədri Ağaəli Babazadə yoldaş, iclasçılar Ələkbər Səfərəliyev və Əhməd Sərkərov yoldaşlar müşavirə otağından çıxdılar. Sədr Babazadə hökmü oxudu:

... Müəyyən edilmişdir ki, xalq düşməni Cəfərov rayonda trotskist-müsavatçı-ziyançı qrupun təşkilatçısı olmuşdur. Bu üç bandit, rayonda qontrrevolyusion ziyançılıq işinə rəhbərlik etmişdir.

Sonra hökmdə bu alçaq ziyançıların prosesdə müəyyən edilmiş cinayətləri sayılır.

Güllələnməyə məhkum edilir

1932-ci il 7 avqust tarixli qanuna əsasən Cəfərov, Səfərəliyev və Qasımov yüksək cəzaya - güllələnməyə məhkum edilərək, onların şəxsən özlərinə məxsus əmlaklarının müsadirə edilməsi qərara alınır. Səfərəliyevin kolxozçulardan aldığı əmlak kolxozçuların özlərinə qaytarılır. Xüsusən kolxozçu Babacan Yarıyevin Səfərəliyev tərəfindən alınmış dirrik yeri özünə verilir.
Daşdəmirov və Salahov, göstərilən qontrrevolyusionerlərin əlində alət olmuşlar. Daşdəmirov və Salahov öz vəzifələrindən istifadə edərək, Cəfərovun və Səfərəliyevin ziyançılıq planlarını həyata keçirmişlər.

Azərbaycan SSR cinayət kodeksinin 143, 151 və 155-ci maddələrinə əsasən Daşdəmirov 4 il müddətinə həbs cəzasına məhkum edilir və rayon qəzetinin pullarından israf etdiyi 2.333 manatın alınması qərara alınır. Salahov 3 il həbs cəzasına məhkum edilir.

Məhkəmənin qərarına görə keçmişdə rayon icraiyyə komitəsinin sədri Abdulovun və xalq təsərrüfat uçotu idarəsi inspektoru Mövlud Osmanovun ziyançılıq işində iştirak etmələri haqqında iş ayrılaraq, xüsusi mühakimə iclasında baxılmağa qərar verilir.
Hökm qətidir, şikayət edilə bilməzdir.

Məhkəmənin hökmünü Qonaqkənd əməkçiləri böyük məmnuniyyətlə qarşılamışlar.
Qonaqkənd əməkçiləri hökmü təbrik edirlər.

Azərbaycan SSR Ali Məhkəməsi səyyar heyətinin hökm çıxarması xəbəri sürətlə bütün Qonakənd rayonuna yayılmışdır. Yerfi, Çimi, Qəleyxudat, Qonaqkənd və başqa kəndlərdə kolxozçuların izdihamlı mitinqləri olmuşdur.

Yerfi kəndində keçirilən mitinqdə kolxozçu qadın Güleyda Məmmədova demişdir:
Həyatımız gözəlləşmişdir. Ulu Stalin bizim qayğımıza qalır. Lakin kolxoz quruluşu düşmənləri mənfur Cəfərov, Səfərəliyev və başqaları bizim xoşbəxt və şən həyatımıza qəsd etmək istəyirdilər. Onlar köhnə bəy-xan üsul-idarəsini bərpa etmək fikrində idilər. Onlar bunu edə bilmədilər və kimsə heç bir zaman bunu edə bilməyəcəkdir. Trotskist-müsavatçı banditlər cinayət başında tutulmuşlar və öz alçaq işlərinə görə layiqli cəzalarını çəkəcəklər.

Kəskin, lakin ədalətli hökm

65 yaşlı kolxozçu qadın Həlimə Mahmud qızı məhkəmənin hökmünü təbrik edərək gəncləri, heyvandarlığın yeni inkişafı uğrunda sosialist yarışını genişləndirməyə çağırmışdır.

Kolxozçular qəbul edilən qətnamələrdə yazırlar: “Ziyançılar bandası haqqında məhkəmənin kəskin, lakin ədalətli hökmü bizi, sayıqlığımızı yüksəltmək, qontrrevolusion bandanın qalıqlarının kökünü kəsmək, böyük Lenin-Stalin partiyası ətrafına daha möhkəm toplaşmaq üçün səfərbərliyə alır”.

“Bu rubrikada çap edilən yazılar sadəcə Azərbaycanda sovet hakimiyyətinin ilk dövrlərindəki həyatı əks etdirir və ya kimisə ittiham və ya təqdir etmək məqsədi daşımır”.