Deputat İranda Səkinənin edam edilməsi hökmünün təxirə salındığını deyir

İran parlamentdə İnsan Haqları Komitəsinin rəhbəri Zohreh Elahian Braziliya prezidenti Dilma Roussefə göndərdiyi məktubda bildirib ki, Səkinə Aştiyani haqqında edam hökmü təxirə salınıb. Səbəb də onun ailəsinin xahişidir.

Bu barədə İranın İSNA agentliyi xəbər yayıb. Amma məlum deyil ki, Braziliya prezidentinə bu məktubu niyə Ədliyyə naziri yox, parlamentdə komitə sədri yazıb.
Braziliyanın əvvəlki prezidenti Luiz Inacio Lula da Silva Tehrana müraciət edərək Aştiyaniyi azadlığa buraxmağı xahiş etmiş, ona sığınacaq verməyə hazır olduğunu bildirsə də Tehran bundan imtina etmişdi. Amma o zaman İran Braziliya prezidentinin bu xahişini rədd etmişdi.

İran məhkəməsi Səkinə Aştiyanini ərinə xəyanət və onun qətlində iştirak ittihamı ilə daşqalaqla ölümə məhkum etmişdi. Amma övladları analarının günahsız olduğunu deyərək beynəlxalq təşkilatlardan yardım istəyəndən sonra dünyanın çox yerindən buna etiraz gəldiyindən keçən il daşqalaq hökmü dəyişdirildi. Buna baxmayaraq, Aştiyaninin asılmaqla edam edilməsi hökmü qüvvədə qalırdı.