2008-ci il fevralın 16-da Mehdi müəllim qısa sürən amansız xəstəlikdən dünyadan köçdü. Budəfəki «İz» proqramı Mehdi Məmmədova həsr olunmuşdu. Verilişdə həm Mehdi müəllimi tanıyanlar, həm də həyat yoldaşı Aidə xanım Məmmədova iştirak edib. Aidə xanımın dediklərini sizin də nəzərinizə çatdırırıq.
- 1937-ci ildə Mehdinin atası Mirzə Yarməmməd oğlu Qazaxıstana sürgün olunub. Əsilləri Hacıqabulun Meyniman kəndindəndir. Deyilənə görə, Mirzə kişi hərbçi və müsavatçıymış. Elə olur ki, 50-ci illərdə sürgündə Mehralı adında bir kişiylə rastlaşıb. Görüb tək-tənhadır, heç kimi yoxdur, həyat yoldaşı da ölüb. Evinə aparıb, öz baldızını verib ona. Mehralı kişinin ailəsi də 1937-ci ildə Nalçikdən sürgün olunubmuş. Və o xanım iki oğlan dünyaya gətirib. Mehdini və qardaşını.
MEHDİ SÜRGÜNDƏ DOĞULUB
Mehdi 1952-ci il iyunun 15-də Cambul vilayətində doğulub. Bəraətdən sonra köçüb gəliblər Bakıya. Evlərini başqası tutduğundan həmin mənzilin balaca bir otağında kirayə yaşayıblar. Bakıda ailəyə bədbəxtlik üz verib. Anası üçüncü uşaq üstündə zəhərlənib ölüb... Mehdinin cəmi dörd yaşı varmış (ağlayır). O vaxtdan təkbaşına özü-özünü idarə edib. Sonra daha bir bədbəxtlik gəlib. Hacıqabulda məktəbə gedən vaxt kimsə daş atıb bir gözünü zədələyib. Atası hər yerə aparıb, Odessayacan. Müalicə ediblər və deyiblər ki, bir gözünü çıxarmaq lazımdır ki, o birini zədələməsin...Ata qəbul etməyib övladının gözünün çıxmasını. O biri gözünə keçib. Və Mehdi iki gözünü də itirib...
15 YAŞI OLANDA ATASI RƏHMƏTƏ GEDİB
1979-cu ildə ailə qurduq. Mehdi namizədlik dissertasiyası müdafiə etməliydi. Gecə-gündüzümüz yox idi. Mən makinada yazmağı onda öyrəndim. İmkansızlıqdan hər şeyi özümüz edirdik. Bir il müddətində mən onun dissertasiyasını yazdım. Oxuyurdum, yazırdım, hər işi özüm görürdüm. Sonra dissertasiya Moskvada təsdiqlənib gəldi. Nə oldusa öz əməyimiz, zəhmətimizlə oldu, heç kimdən kömək görmədik...
İLK DƏFƏ AZADLIQRADİOSUNA BİZİM EVDƏN ZƏNG OLUNDU
90-cı illər gəldi. Mehdi milli-azadlıq hərəkatında öndə gedənlərdən idi. Birotaqlı mənzildə yaşayırdıq, ora elə bil ştab idi. Bütün siyasi xadimlər o evə gəlib gediblər. İlk dəfə AzadlıqRadiosuna bizim evdən zəng olundu. Deyirdik, indi gəlib tutacaqlar, bu saat aparacaqlar... Qayıdırdı ki, başqa yolu yoxdur, millətin başına gələn faciəni bildirməliyik. O vaxtlar nə qədər tutulanlar oldu, hamısı haqqında Mirzə Xəzərə məlumat verilirdi. Sonra Azadlıq meydanında olanları diktofona yazıb canlı-canlı Mirzə Xəzərə ötürürdü...
QORXMAYIN, TAPILACAQLAR...
- 20 Yanvarda itənlərin, şəhid olanların siyahısı bizim evdə tutulurdu. Hamıya bizim telefon verilmişdi. Zəng vurub xəbər çatdırırdılar. Kiminin oğlu-qızı, kiminin əri, kiminin qardaşı... Oturub telefonda hamıya ürək-dirək verirdim ki. qorxmayın tapılacaqlar...Hər kimin əzizi tapılırdı, zəng vurub təşəkkür edirdi...
MEHDİ İLƏ ABŞ-A GETDİK
BİZİM QOHUMLUĞUMUZ DA VAR
Mehdi ilə qohumluğumuz da var. Onun atası ilə mənim babam xalaoğlu idilər. Heç onu tanımırdım, bilmirdim. 1976-cı ildə bizə gəldi. Atam maşınla rayondakı evimizə gətirmişdi. Orda tanış olduq. Sonra başladı bizə tez-tez gəlməyə. Xəbər tutdum ki, mənə görə gəlir. Elə-elə, bir-birimizə bağlandıq. 1979-cu ildə mən tibb məktəbini bitirib rayona qayıtmalıydım. Dedi gedirsən, bir də səni harada görəcəm? Sizə elçi getmək istəyirik. Valideynlərim razılıq vermədilər. Özümüz qərara gəldik ki, evlənək...
MEHDİNİN VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİK
Təngnəfəslik olurdu onda. Deyirdi ki, 10 il əvvəl pnevmoniya olmuşam, ondandır. Həkimə də heç cürə getmək istəmirdi. Səsi yavaş-yavaş azalırdı, zəifləyirdi. Gördük keçmir. Sancılar başladı. Ağciyəri tomoqrafiya olundu. Mənə demədilər, gizlətdilər. Bacıma demişdilər ki, artıq gecdir, hər yerinə metastaz verib... 2008-ci il fevralın 15-dən 16-na keçən gecə saat 3-də gözlərini yumdu. Sabahı öz arzusu ilə Hacıqabulda Pirallahı qəbiristanlığında dəfn etdik. Ora çox bağlıydı. Qohumlar, doğmalar hamısı ordadır.
TAMAM BOŞLUQ, HƏR ŞEY MƏNASIZ...
- İnana bilmirik ki, yoxdur. Tamam boşluq, hər şey mənasız. Oğlum da, mən də axtara-axtara qalmışıq. Elə bilirdik arxamızda böyük bir dağ dayanıb (ağlayır). Onunla fəxr eləyirdik...