«Azərbaycan bağışlamaq və unutmaq yolunu seçdi...»

Selcan Məmmədli

Azərbaycan müstəqillik əldə etdikdən sonra ötən 19 il ərzində qanlı və ağrılı keçmişi ilə necə hesablaşıb? Keçid ədaləti sahəsində kommunist rejimi qurbanlarının hüquqlarının bərpası istiqamətində hansı işləri görüb, hansıları görməyib? Bir sözlə, yeni rejim hansı siyasəti seçib: bağışlayıb unutmaq, yoxsa xatırlayıb cəzalandırmaq?

«Can Bakı» proqramı bu suallarla hüquqşünas Selcan Məmmədliyə üz tutdu. S. Məmmədli «Keçid Ədaləti» sahəsində ABŞ-ın Ohayo Şimal Universitetinin Hüquq fakültəsində xüsusi kurs keçib. Bu mövzuda AN Şəbəkəsinin xətti ilə siyasət sənədi hazırlayıb. Eləcə də, bu yaxınlarda Kembric Universitetində nəşr olunacaq «Keçid Ədaləti» Ensiklopediyasında Azərbaycanla bağlı hüquqi araşdırmanın müəllifidir.

-- Lütfən açıqlayın, bilməyənlər də bilsin-- «Keçid Ədaləti» dedikdə nə başa düşülür?

-- «Keçid Ədaləti» Beynəlxalq Hüququn yeni bir sahəsidir, ingilis dilində «Transitional Justice» deməkdir. Bu sahə yeni müstəqillik qazanan və ya münaqişədən çıxan ölkələrin köhnə rejimlə hesablaşma metodlarını öyrənir. Məqsəd - ədalətin bərqərar olunması, cəzasızlıq siyasətinə son qoyulması, demokratik idarəçilik və insan hüquqlarının təmin olunmasından ibarətdir. Bu metodlar keçmiş rejim qurbanlarının bir sıra hüquqlarının - ədalət, həqiqət, lüstrasiya və reparasiya hüquqlarının təmini istiqamətində dövlətlərin öhdəliklərini özündə əks etdirir.

SOVET REJİMİ 20 MİLYON CAN ALIB...

--Sovet dövründə Azərbaycan hansı repressiyalarla üzləşdi? Hansı sayda itkilər verdi?

--Azərbaycan 70 ildən çox müddət ərzində - 1920-1991-ci illər arasında sovet işğalı altında olub. Buradakı repressiya qurbanlarının sayını dəqiqləşdirmək mümkün deyil, çünki sənədlərin çoxu ya məhv edilib, ya arxivlərdə gizli saxlanılıb, ya da Moskvaya aparılıb. Ümumiyyətlə, araşdırmalar göstərir ki, tarixin ən qanlı rejimlərindən olan sovet rejiminin 20 milyon civarında günahsız qurbanı olub. Konkret Azərbaycanda ümumilikdə 1930-40 və 50-ci illərin əvvəllərində 70 min adam repressiya edilib ki, bunun da 29 min nəfəri ziyalılardır. Təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Bu qurbanların hamısı «xalq düşməni» elan edilib və hər birinin məhkəməsinə cəmi 15 dəqiqə vaxt ayrılmaqla ölümə məhkum olunub. Həmin illərdə çox sayda azərbaycanlı «bolşevizmin düşməni» adı ilə Orta Asiyaya, Sibirə, digər ucqarlara sürgün edilib. Azərbaycanın Qazaxıstandakı səfirliyinin məlumatına görə, Stalin repressiyaları illərində Qazaxıstanda 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib.

--Azərbaycanda keçid dövrü nə zaman başladı?

--Azərbaycan 1991-ci il oktyabrın 18-də Sovet İttifaqının tərkibindən çıxdı və müstəqillik qazandı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edildi, sonra məhkəmə-hüquq islahatları həyata keçirildi və beləliklə, keçid dövrü başladı.

CİDDİ ADDIM ATILMAYIB

--Bəs kommunist rejimi qurbanlarının qeyd etdiyiniz kimi, ədalət hüquqlarının təmini istiqamətində Azərbaycan dövləti hansı işləri gördü?

--Müstəqillikdən sonra kommunist rejiminin törətdiyi kütləvi repressiya, deportasiya və qətllərə hüquqi qiymət verilməsi və təqsirkarların cəzalandırılması ilə bağlı təəssüf ki, hər hansı ciddi addım atılmayıb. Yalnız 1990-cı il 20 Yanvar hadisəsi cinayətkarlarının məsuliyyətə cəlb edilməsinə bir sıra cəhdlər edilsə də, bu günə qədər hər hansı bir səmərəli nəticə əldə edilməyib. Hadisədən dərhal sonra Azərbaycanda Parlamentin nəzarəti altında deputat-istintaq komissiyası yaradılıb. Qara Yanvar olaylarının təhqiqatı ilə məşğul olan bu komissiyanın fəaliyyəti dövründə 2500-dən çox insan dindirilib, ekspertiza keçirilib və hadisənin detalları barədə materiallar toplanıb. 1994-cü il martın 29-da Milli Məclisin qərarı ilə 20 Yanvar Azərbaycanın azadlıq hərəkatını dayandırmağa yönəldilmiş cinayət hadisəsi kimi tanınıb və Prokurorluğa istintaq aparılması və cinayətkarların məsuliyyətə cəlb olunması tapşırığı verilib. Buna baxmayaraq, cinayət işi bu günədək açıq qalır. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Rusiyaya rəsmi sorğu göndərərək bu cinayət işinə dair zəruri materialların qaytarılmasını və orada gizlənən cinayətkarların tapılması üçün istintaq aparılmasını istəsə də, Rusiya bu məsələ ilə bağlı sorğunu hələ də cavabsız qoyur.

HƏQİQƏT KOMİSSİYALARI YARADILMAYIB


Lüstrasiya qanunları qəbul edilən ölkələrdə keçmiş rejimlə əməkdaşlıq edən şəxslər müəyyən olunur, onlara bəlli müddət çərçivəsində və ya müddətsiz ictimai-siyasi həyatda iştirak etməyə qadağa qoyulur
--20 Yanvara az sonra yenə qayıdacağıq. Həqiqət hüquqlarının təmini istiqamətində dövlət tərəfindən hansı işlər görüldü? Məsələn, beynəlxalq təcrübədə istifadə olunan həqiqət komissiyaları yaradıldımı? Bu mövzuda kitablar yazıldımı?


--Azərbaycanda Sovet rejimi ilə bağlı həqiqətin araşdırılması təcrübəsi çox məhduddur. Belə ki, kommunist dövründə insan hüquqlarının pozulmasında təqsirkarların müəyyən edilməsi və qanlı keçmişə dair ümumi bir qiymətləndirmənin - vahid həqiqətin aşkara çıxarılması üçün həqiqət komissiyaları və yaxud səmərəli nəticə verən təhqiqat komissiyaları yaradılmayıb. Bu passivliyin bir sıra səbəbləri olub.

--Səbəbləri sadalayardınızmı?


--Təbii. Birincisi, müstəqillikdən sonra siyasi elita keçmişi yenidən vərəqləməyə yetərincə maraq göstərməyib. İkincisi, Dağlıq Qarabağ müharibəsi ölkəni əldən saldığından bütün ictimai diqqət o zaman bu yeni münaqişəyə yönəldilib. Üçüncüsü, DTK-nın sənədləri («KQB» arxivləri) ictimaiyyətə açılmadığından əsl həqiqətləri bilmək mümkün olmayıb. Rusiya ilə münasibətlərin pozulmasından, ümumiyyətlə, regionda gərginlik yaratmaqdan ehtiyatlanmaq və s. kimi səbəblər də var.

REPRESSİYA QURBANLARININ TAM SİYAHISI XATİRƏ KİTABDA VERİLƏCƏK


Bununla belə, qeyd edilməlidir ki, Azərbaycan tarixçiləri və elmi ictimaiyyət sovet dövrünün qəddarlıqlarını araşdıraraq bir sıra kitablar nəşr edib və bənzər nəşrlərin çapı davam etməkdədir. Televiziya və radio yayımları, həmçinin mətbuat da həqiqətin araşdırılmasında müəyyən rol oynayıb. Siyasi Repressiya Qurbanları Assosiasiyası ictimai qurumunun yaradılmasını da uğurlu hesab etmək olar. Qurumun hazırkı sədri Rais Rəsulzadənin məlumatına görə, Assosiasiya hazırda özündə repressiya qurbanlarının tam siyahısını əks etdirən xatirə kitabının dərc olunması və qurbanlara müvafiq güzəştlərin (nəqliyyat, kommunal, tibbi və s.) təyini istiqamətində çalışır. Qurbanlar barədə məlumat və onların tam olmayan siyahısı isə bir sıra mənbələrdə açıqlanıb. Onu da qeyd edək ki, Azərbaycanda bu günədək, Qazaxıstana deportasiya olunanlar da daxil olmaqla, 345 mindən çox qanunsuz repressiya qurbanına bəraət verilib və arxiv materiallarının öyrənilməsi üzrə işlər davam etdirilir.

--Repressiya qurbanlarının mülkiyyət hüquqlarının bərpası istiqamətində hansı işlər görüldü? Axı, çoxlu sayda Azərbaycanlı sovet rejimi tərəfindən müsadirə olunan evlərinə qayıda bilmədi. Bununla bağlı verilişimizə dinləyicilərimizdən də mesajlar da gəlib. Məsələn, Moskvadan Yunis adlı dinləyicimiz yazır ki, 1921-ci ildə Abşerondakı bağ evi müsadirə olunub və hələ də geri qaytarılmayıb. Bakıdan Azərin adlı dinləyicimiz babasına məxsus çoxlu sayda mülkü necə qaytarmaq olar - sualını verir. Avropa Məhkəməsinə müraciət etmək olarmı-- deyə məsləhət istəyir...

QANUNUN İKİ MADDƏSİ ARASINDA ZİDDİYYƏT VAR

--1991-ci il noyabrın 6-da Milli Məclis «Azərbaycan Respublikası məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması haqqında» Qanun qəbul etdi. Qanunun birinci maddəsinə görə, müsadirə edilmiş müvafiq evlər əvəzsiz olaraq onların sahiblərinə və ya onlarla birgə yaşayan ailə üzvlərinə qaytarılmalıdır. Digər tərəfdən, həmin Qanunun ikinci maddəsi müəyyən edir ki, satılmış, habelə yaşayış sahəsi kirayə müqaviləsi üzrə qanunla müəyyən edilmiş qaydada başqa şəxslərə verilmiş evlər qaytarılmamalıdır və beləliklə, iki maddə arasında ziddiyyət yaranır. Çünki sovet işğalı dövründə əmlakı kommunist rejimi tərəfindən müsadirə olunmuşların yerində yeni mülkiyyətçilər məskunlaşdığından, onlar öz qanuni mülklərini geri ala bilmirlər. Məhkəmələr qanunun restitusiyanı mümkünsüz edən ikinci maddəsinə istinadən, əsl mülkiyyətçilərin şikayətlərini təmin etmir və beləliklə, hüquqi boşluq olduğundan mülkiyyətin restitusiyası məsələsi dövlət tərəfindən həll edilməmiş qalır. Bu baxımdan, uzun müddətdir ictimai müzakirələrdə olan ayrıca Restitusiya haqqında qanun qəbul edilməlidir, yaxud inzibati qaydada repressiya qurbanlarına məxsus olan mülklər geri qaytarılmalı, yaxud müvafiq kompensasiya ödənilməlidir.

- 20 Yanvarla bağlı məsələyə qayıtmaq istərdim. Bir dinləyicimiz sual verir: 20 Yanvar qurbanlarının sosial müdafiəsi sahəsində hansı işlər görülüb?


--1998-ci il 31 mart Prezident Fərmanı ilə «20 Yanvar Şəhidi» fəxri adı təsis edilib. Bundan başqa, 2006-cı il yanvarın 19-da növbəti Fərmanla 20 Yanvar şəhidlərinin ailə üzvlərinə aylıq 300 AZN məbləğində «Prezident Təqaüdü» təyin edilib. Həmçinin, yeni fərmanla 2011-ci ilin 1 yanvarından 20 Yanvar əlilləri də (1-ci qrup - ayda 150 manat, 2 - cu qrup - 130 manat və 3-cü qrup - 100 manat) aylıq təqaüd alacaqlar.

AZƏRBAYCAN KOMMUNİST KEÇMİŞİNƏ TAM NÖQTƏ QOYMAYIB...


--Son zamanlar mediada lüstrasiya haqqında da danışılır. Lüstrasiyanın mahiyyətinə bir qədər izahat gətirin. Bu sahədə Azərbaycan hansı işlər görüb?

Çexiyada Sovet muzeyi. 21 avqust 2008
-- Lüstrasiya - «təmizləmə» deməkdir. Qeyd edək ki, lüstrasiya qanunları qəbul edilən ölkələrdə keçmiş rejimlə əməkdaşlıq edən şəxslər müəyyən olunur, onlara bəlli müddət çərçivəsində və ya müddətsiz ictimai-siyasi həyatda iştirak etməyə qadağa qoyulur. Bunda məqsəd -- keçmiş rejim qurbanlarının hüquqlarının bərpasıdır. Azərbaycan öz kommunist keçmişinə aydın bir nöqtə qoymadığından, müstəqillikdən sonra idarəetməyə gələn yeni siyasi liderlər lüstrasiya qanununun qəbul olunmasına siyasi iradə göstərməyib. Müstəqillikdən sonrakı 19 il ərzində bu məsələ Parlamentə çıxarılmasa da, son zamanlar müəyyən qədər ictimai müzakirə predmetinə çevrilməkdədir.

BAĞIŞLAMAQ VƏ...UNUTMAQ

--Danışdıqlarınızdan belə nəticəyə gəlmək olar ki, Azərbaycan kommunist keçmişi ilə mübarizədə saydığınız keçid ədaləti metodlarından çox məhdud şəkildə yararlanıb?

--Təəssüf ki, elədir...Azərbaycan keçid ədalətini ancaq məhdud şəkildə həyata keçirib, başqa sözlə desək, Azərbaycanın kommunist keçmişində baş verən hüquq pozuntularına münasibəti daha çox «bağışlamaq və unutmaq» yönümlüdür...

-- Bəs digər keçmiş Sovetlər Birliyi ölkələrində bu sahədə Azərbaycan üçün nümunə ola biləcək uğurlu təcrübə varmı?

HƏR ESTON VƏTƏNDAŞINA 250 MİN DOLLAR TƏZMİNAT?

--Keçmiş Sovetlər Birliyi ölkələri içərisində keçid ədalətinin metodlarından əsas etibarilə Baltikyanı ölkələr yararlanıb. Məsələn, Estoniyada repressiya və deportasiyalarda təqsirləndirilən şəxslərin məhkəmələri bu gün də davam edir, eyni zamanda dövlət tərəfindən lüstrasiya qanunları qəbul edilib, repressiya qurbanlarının mülkiyyət hüquqlarının bərpası istiqamətində zəruri işlər görülüb, bütün müsadirə olunan mülklər geri qaytarılıb və ya müvafiq təzminat ödənilib. Parlamentin yanında yaradılan Komissiya müəyyən edib ki, 50 illik Sovet işğalı dövründə Estoniya 180 min nəfər (əhalinin 18 %) itki verib, ətraf mühitə 4 milyard ABŞ dolları ziyan dəyib, eləcə də Rusiya Sovetlər Birliyinin hüquqi varisi kimi repressiya qurbanı olan hər bir Eston vətəndaşına 250 min dollar təzminat ödəməlidir.

KİLADZE GÜRCÜSTANA QARŞI

Mən Gürcüstanla bağlı bir məhkəmə işinə toxunmaq istərdim. Bu işin Azərbaycan üçün də önəmi var. 2010-cu ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi «Kiladze Gürcüstana qarşı» iş üzrə qərar qəbul etdi. Kiladze ailəsi sovet dövründə siyasi repressiya qurbanı olduğundan Gürcüstan məhkəmələrinə onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı müraciət etmişdi. Amma məhkəmələr qanunda boşluq olduğunu əsas gətirərək, iddianı təmin etməmişdilər və ailə Avropa Məhkəməsinə üz tutmuşdu. Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusunu tanıyaraq, Kiladze ailəsinin xeyrinə qərar qəbul etmək və kompensasiya müəyyən etməklə yanaşı, qeyd etdi ki, qanundakı boşluq vətəndaşa hüququnu reallaşdırmağa imkan vermirsə, bu, Konvensiyanın pozuntusudur. Gürcüstan dövlətinin üzərinə repressiya qurbanlarının hüquqlarının qorunması sahəsində qanunvericilik, büdcə və inzibati islahatlar görülməsi vəzifəsi qoyuldu.

-- Və sonda, bizə sual göndərən dinləyicilərimiz—Yunis bəylə Azərin xanıma nə məsləhət verərdiniz?


MƏHKƏMƏLƏRƏ MÜRACİƏT EDİN

--Bir hüquqşünas olaraq onu məsləhət görərdim ki, yerli məhkəmələrə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı müraciət etsinlər. Bu sahədə strateji işlər qaldırılmalıdır. Məhkəmələr tərəfindən hüquqlarının bərpasına nail olmayacaqları təqdirdə isə Avropa Məhkəməsinə müraciət etsinlər. Qeyd etdiyim kimi, eyni problemi olan Gürcüstanla bağlı artıq Avropa Məhkəməsinin qərarı var. Bu kimi qərarlar həm repressiya qurbanlarına dəyən ziyanın qismən də olsa ödənilməsi, həm də dövlətin repressiya qurbanlarının hüquqlarının müdafiəsi sahəsində qanunvericilik, inzibati və büdcə tədbirlərinin görülməsinə çağırışı baxımından çox önəmlidir.