FHN müfəttişliyi 50 yeni binanı qanunsuz elan edir

Hazırda binalarda yoxlamalar aparılır

Bakı şəhərində təxminən 50 yeni tikilmiş yaşayış binası müvafiq dövlət komissiyasının qeydiyyatından keçməyərək istismara verilib.

Bunu Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov bildirib.

Hazırda həmin binalarda yoxlamalar aparılır, layihəyə uyğunluğu yoxlanılır, təhlükəsizliyə nə qədər cavab verməsi araşdırılır.

X.Nəcəfov deyir ki, Yeni Yasamalda artıq bir neçə il istismarda olan «Gənc alim» yaşayış binasında artıq indidən zəifləmələr müşahidə olunur:

«Hazırda bu zəifləmələrin aradan qaldırılması üçün işlər aparılır və ola bilsin ki, sakinlərin müəyyən hissəsi müvəqqəti olaraq köçürülsün. Binada aşkar olunmuş nöqsanlar aradan qaldırıldıqdan və binanın keyfiyyəti yenidən yoxlanıldıqdan sonra köçürülən sakinlər mənzillərinə qayıda biləcək».

X.Nəcəfov həmçinin bildirib ki, ümumiyyətlə, problem yeni binalarda mərtəbələrin layihədə nəzərdə tutulandan çox olmasıdır. Baş Dövlət Tikinti Müfəttişliyinin rəhbəri qeyd edib ki, belə binaların bəzilərində bir neçə mərtəbə artıq sökülüb. /APA/