Əfqanıstanda parlament işinə başlayacaq


BMT və ABŞ hökuməti Əfqanıstan prezidenti və seçilmiş deputatlar arasında parlamentin sessiyasının heç bir ləngimə olmadan açılması ilə bağlı razılaşmanı bəyənib.

Prezident Həmid Karzai yanvarın 24-də bildirib ki, o, parlamentin sessiyasının iki gün sonra başlamasını istərdi.

Karzainin ofisi deyir ki, buna baxmayaraq, ötən ilin sentyabrında keçirilən parlament seçkisinin saxtalaşdırılması ilə bağlı ittihamları araşdıran məhkəmə öz işini yerinə yetirər.

Ötən həftə Karzai göstəriş vermişdi ki, xüsusi qrupun araşdırmasına daha çox vaxt verilməsi üçün parlamentin andiçmə mərasimi bir ay ləngisin.

Bunun müqabilində yeni seçilmiş deputatlar ilk sessiyaya özləri başlamağa qərar vermişdilər.