Eynulla Fətullayevin apelyasiya şikayəti təmin olunmadı

Yanvarın 25-də Bakı Apellyasiya Məhkəməsində “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin Qaradağ rayon Məhkəməsinin onun barəsində çıxardığı hökmdən verilmiş apellyasiya şikayəti üzrə proses başa çatıb. Hakim Mirpaşa Hüseynov apellyasiya şikayətini təmin etməyib.

6 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb.

Eynulla Fətullayev bu hökmü həbsi ilə bağlı Avropa Məhkəməsinin qərarının qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat kimi qiymətləndirmiş və bəraət almaq üçün Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Bakı Apelyasiya Məhkəməsində avqust ayından başlanan məhkəmə iclaslarında vəkilləri onun girov müqabilində azad edilməsi yaxud həbsinin ev dustaqlığı ilə əvəz olunması üçün vəsatətlər versələr də təmin olunmayıb.