“Twitter” Misirdə qadağan edilib

Misirdə “Twitter” mikrobloquna giriş mümkün deyil. Bu barədə “Twitter” administrasiyası məlumat yayıb.

Bildirilir ki, yanvarın 26-dan Misirdə “Twitter.com” saytını açmaq mümkünsüzdür:

“Biz əminik ki, məlumat əldə etmək və azad fikir mübadiləsi açıq cəmiyyət qurmağa yardım edir. Bu həm də hökumət nümayəndələrinə adi vətəndaşlarla sıx əlaqə yaratmağa icazə verir”.

“Reuters” agentliyi isə yazır ki, misirlilər proksi (proxy) saytlar vasitəsi ilə “Twitter”də xəbərləşir, ölkədə baş verənləri paylaşırlar. Həmçinin müxalifət “Facebook” sosial şəbəkəsindən fəal istifadə edir. Bu şəbəkəyə giriş hələ ki qadağan edilməyib.

Yanvarın 25-də Misirin paytaxtı Qahirədə və digər şəhərlərdə kütləvi etiraz aksiyasları baş verib. Aksiya iştirakçıları ölkədə iqtisadi və siyasi islahatlar tələb edirlər.

/Sayta hazırladı: Turxan Kərimov/