Dövlət Neft Fondu ötən il nə qədər qazanıb?

5 milyard 915 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2010-cu ərzində Neft Fondunun büdcə gəlirləri 13 milyard 88.5 milyon, büdcə xərcləri isə 6 milyard 386.5 milyon manat olub.

Fondun 2010-cu il büdcəsinin gəlir hissəsi 144.9 %, xərc hissəsi isə 99.4 % yerinə yetirilib.

Ötən il Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 milyard 932.6 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində 5 milyard 915 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına 104.9 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 131 milyon və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişinə 199.6 milyon manat vəsait ayrılıb.

«2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə Neft Fondundan 9.6 milyon manat ayrılıb.
12.4 milyon manat «Bakı-Tbilisi-Qars yeni dəmir yolu» layihəsinin maliyyələşdirilməsinə yönəldilib.

2011-ci il yanvarın 1-ə Fondun aktivləri 2010-cu ilin əvvəlinə nisbətən 52.8% artaraq 22 milyard 766.8 milyon ABŞ dollarına bərabər olub.