Ayıl, ayıl, Şah İsmayıl

Azər Qaraçənli

Azər Qaraçənli

“Azadlıq nitqləri” kitabından:


əvvəli burda


Mən sizə bir şeir oxumaq istəyirəm. Bu şeiri mənim atam sovet dövründə - 1983-cü ildə yazıb. Şeir belə adlanır: “Şah İsmayıl”.

Şeirin əvvəlində Şah İsmayıl Xətaidən bir epiqraf da gətirilib:

Şah Xətai, sənin dərdin deşilməz,
Dərdi olmayanlar dərdə tuş olmaz.
Mürşidsiz, rəhbərsiz yollar açılmaz,
Mürşid ətəyində əlin varmıdır?

Şeirin özüsə belədi:

Ayıl, ayıl,
Şah İsmayıl!
Hamı sənə
Hayıl-mayıl!
Saydır bizi,
Yenə sayıl!
İnam olub, güman olub
Ev-ev yayıl,
El-el yayıl!
Ayıl-ayıl,
Şah İsmayıl!

Ayıl-ayıl,
Şah İsmayıl!
Yer calandı, göy calandı!
Sənin xalqın
Dalğın-dalğın
Haçalandı!
Parçalandı!
Sənin ordun
Şaqqalandı!
Sənin yurdun
Ha talandı!

Ayıl-ayıl,
Şah İsmayıl!
Yenə şığı sola-sağa!
Enli-boylu uğur gətir
Elin kimi bir umsuğa!
Ayıl şahım, ayıl şeyxim,
Endir mənlik qılıncını
Bu torpağın birliyini,
dirliyini
quyulayan qurumsağa!

Ayıl-ayıl!
Şah İsmayıl!
Biz nüzülük,
Biz dözürük, –
Sən dözməzdin belə dağa!

Ona-buna biz lağ olduq,
Çırmansaq da çay keçmədik!
Özgələrə yamaq olduq,
Özümüzlə birləşmədik!

Ayıl, ayıl,
Şah İsmayıl!
Bərk əzirlər əzməyəni!
Ayıl bəlkə yatırdasan
Mənəm-mənəm deyə-deyə,
Onu-bunu məzləyəni!

Ayıl, ayıl,
Şah İsmayıl!
İstəkləri
İsit,
Kirit!
Parçalanmış
Bir ölkəni
Yenə irilt,
Yenə dirilt!

Saydır bizi,
Yenə sayıl!
Ayıl, ayıl,
Şah İsmayıl!

Bu şeir 1986-cı ildə atamın “Gecə yuxusu” adlı onuncu kitabına salınıb. Sovet dövründə bütün kitablar senzuradan – “Qlavlit”dən keçirdi. Şeir “Qlavlit”dən keçib. 150 səhifəlik “Gecə yuxusu” kitabı “Yazıçı” nəşriyyatında, “Qızıl Şərq” mətbəəsində 6 min tirajla çap olunub. Elə bu vaxt kimsə “Qlavlit”i “ayıldıb” ki, bəs Ağa Laçınlının kitabında sovet quruluşunun əleyhinə şeir gedib. Qəfildən 6 min nüsxənin hamısına mətbəədə həbs qoyulub, onları mətbəənin anbarından çıxarmaq qadağan olunub. Gərgin müzakirələr və həyəcanlı günlər başlayıb. Səhv eləmirəmsə, atama deyiblər ki, ya “Şah İsmayıl” şeiri dəyişəcək, ya da bütün kitab məhv olmalıdı. Şeir dəyişib və yenə səhv eləmirəmsə, şeiri atamla kitabın redaktoru Müzəffər Şükür birlikdə dəyişiblər.

“Şah İsmayıl” şeiri “Gecə yuxusu” kitabının 139-cu səhifəsindən başlayır, 141-ci səhifəsində bitir. Kitabın bir vərəqi – 139-140-cı səhifələri bütünlüklə “Şah İsmayıl” şeirindən ibarətdi. 141-ci səhifəyə şeirin sonuncu dörd misrası – Saydır bizi, Yenə sayıl! Ayıl, ayıl, Şah İsmayıl! – düşüb.

Şeir dəyişdiriləndən sonra 139-140-cı səhifələri, yəni bir vərəqi mətbəədə yenidən çap eləyiblər. Sonra xüsusi nəzarət altında kitabın 139-140-cı səhifələrini bir-bir cırıb “Şah İsmayıl”ın yeni variantını ora yapışdırmağa başlayıblar.

Şeirin yeni variantı cənublu qardaşın – Cənubi Azərbaycanda yaşayan azərbaycanlının dilindən təqdim olunub. Yəni gəlir şeirin adı: “Şah İsmayıl”. Sonra şeirin adının altından bir mötərizə açılır və mötərizədə yazılıb: “Cənublu qardaşın dilindən”. Əvvəlki variantda bu mötərizənin yerində Xətaidən epiqraf vardı. O epiqraf da çıxarılıb ki, şeir sovet Azərbaycanında yaşayan qardaşların dilindən səslənməsin. Şeirin yeni variantı belədi:

Ayıl, ayıl,
Şah İsmayıl!
Hamı sənə
Hayıl-mayıl!
Saydır bizi,
Yenə sayıl!
İnam olub, güman olub
Ev-ev yayıl,
El-el yayıl!
Ayıl, ayıl,
Şah İsmayıl!

Ayıl, ayıl,
Şah İsmayıl!
Bir vaxt dünya çalxalandı,
Elin, oban
Haçalandı!
Sənin ordun
Şaqqalandı!
Sənin yurdun
Ha talandı!

Ayıl, ayıl,
Şah İsmayıl!
Yenə şığı sola-sağa!
Ümid gətir,
Həyat gətir
Bu torpağa.
Qədim Təbriz şəhərində
Sənin dilin yasaq olub
Gözlərimiz baxa-baxa.

Ayıl, ayıl,
Şah İsmayıl!
Biz dözürük, –
Sən dözməzdin belə dağa!

Düşmənlərə biz lağ olduq,
Çırmansaq da çay keçmədik!
Özümüzlə birləşmədik!

Ayıl, ayıl,
Şah İsmayıl!
Bərk əzirlər əzməyəni!
Ayıl bəlkə yatırdasan
Pusqu qurub
Yeni qurban gözləyəni.

Ayıl, ayıl,
Şah İsmayıl!
İstəkləri
İsit, isit,
Dünyadakı pislikləri
Qılıncınla ərit, ərit.

Burda 140-cı səhifə başa çatır. Səhifənin aşağısı, bir neçə misralıq yer boşdu. Elə bil şeir qurtarıb. Ancaq bu boşluq ona görə yaranıb ki, yeni variant əvvəlkindən qısa alınıb. 141-ci səhifənin yuxarısındakı dörd misra da xəbər verir ki, şeir 140-cı səhifədə yox, 141-cidə tamamlanır. Həmin dörd misra:

Saydır bizi,
Yenə sayıl!
Ayıl, ayıl,
Şah İsmayıl!

Mən bilən, nəinki sovet Azərbaycanının, hətta SSRİ-nin tarixində olmayıb ki, çap olunmuş şeir kitabının bütün tirajını həbs eləyib, onun hansısa vərəqini cırıb, yerinə yenisini yapışdırsınlar. Mənim bildiyimə görə, bu, sovet dövrünün ədəbiyyat tarixində analoqu olmayan hadisədi.

Bu hadisə baş verəndə mən orta məktəb şagirdiydim, 6-cı sinifdə oxuyurdum, yəni pioner idim. Atamın nə cür həyəcan keçirdiyini yaxşı xatırlamıram. Amma atam o vaxt bərk həyəcan keçirib.

Həm də bərk əsəbiləşib ümumiyyətlə bu hadisəyə görə: satqınlıq, yaltaqlıq və öz millətinin əsas dərdini – əsarət altına alındığını, kölə vəziyyətinə salındığını, yadların tapdağı altda qaldığını – deməyin çətinliyi onu həmişə çox əsəbiləşdirirdi. Amma həmişə də bu dərdi öz poeziyasında o dövrdə mümkün olan qədər ən açıq şəkildə deyirdi. Atamın az qala hər üç şeirindən biri sovet imperiyasının, köləliyin əleyhinə yazılıb.

Atamın sovet imperiyasının əleyhinə apardığı təbliğat bizə – onun övladlarına xüsusilə təsir göstərmişdi. Çünki poeziyasında atam müəyyən qədər işarələrlə, başqa adamların arasında üstüörtülü danışırdısa, evdə o, tam açıq təbliğat aparırdı.

Ona görə də lap uşaqlıqdan, az qala körpəlikdən biz bilirdik ki, imperiyada yaşayırıq, vətənimiz işğal olunub, xalqımız əsarətdədi. SSRİ dağılanda və ondan sonra rejimə qulluq eləmiş bəzi adamların SSRİ-nin imperiya olduğunu bilmədiklərini deməsi mənə çox təəccüblü görünürdü, çünki mən lap uşaq ağlımla bu həqiqəti bilirdim, ovcumun içi kimi bilirdim və mənə elə gəlirdi ki, “Bilməmişəm” deyənlər sadəcə olaraq yalan danışırlar. Ancaq sonralar mən başa düşdüm ki, həqiqətən bunu bilməyənlər də varmış, az da olsa belələri də varmış.

Elə həmin “Gecə yuxusu” kitabı çıxan dövrlərdə, mən 5-ci, 6-cı siniflərdə oxuyanda, deyəsən, elə məhz 6-cı sinifdə oxuyanda bir “azara” tutulmuşdum.

Dərslik kimi istifadə elədiyimiz, bizim evdə çox olan xəritələrin üstündə əməliyyat aparırdım. Rəngli qələmlə Şimali Azərbaycanla Cənubi Azərbaycanı SSRİ-dən və İrandan ayırır, onları eyni rəngdə birləşdirir, beləliklə, müstəqil dövlətimizin xəritəsini yaradırdım. Həmin vaxt mənim ikinci şakərim də bu dövlətin ordusu üçün zabit poqonlarının şəklini çəkmək idi. O poqonların şəkli də gözümün qabağındadı.

Sonralar Şimali Azərbaycan dövlət müstəqilliyini bərpa eləyəndə milli ordumuzun zabitlərinin poqonu məndə bir xoş təbəssüm də oyadırdı. Çünki mən də milli ordumuzun zabitlərinin poqonunu ay-ulduz şəklində çəkirdim.

Atam bizə ehtiyatlı olmağı da öyrədirdi. Deyirdi ki, KQB-nin (Dövlət Təhlükəsizlik Komitəsinin) çuğulları ondan söz qoparmağa çalışır, deyirdi orda qeyrətli oğullar da var, elə “Qlavlit”in özündə, bilə-bilə SSRİ-nin əleyhinə olan şeirlərə göz yumub çapa ötürürlər, amma deyirdi çuğul-muğul da yaman çoxdu. Biz bəzən bunu ifrat şübhə kimi qəbul eləyirdik, deyirdik ki, nooldu elə o çuğul oldu, bu çuğul oldu, bu adamların neçəsi çuğul oldu.

Ancaq sonralar, SSRİ dağılanda və dağılandan sonra xalqımızın başına gətirilən oyunlar, kimlərin kimlərə və haralara qulluq eləməsi, kimlərin meydana hansı sifarişlə, nə məqsədlə atıldığının üzə çıxması göstərdi ki, atam tam haqlıymış, həqiqətən qeyrətli oğullar nə qədər çox olsa da, onları qəsdən bada verməyə çalışanlar da çoxmuş.

Tale elə gətirdi ki, həmin çuğulların bəzisiylə biz – atamın övladları da qarşılaşası və mübarizə aparası olduq. Tale elə gətirdi ki, atam ən böyük arzularından birinə çatsa da, SSRİ-nin dağılmasını, Azərbaycanın heç olmasa quzeyinin istiqlaliyyət qazanmasını görsə də, can rahatlığı tapa bilmədi.

Əksinə, məişət qayğılarından tutmuş mənəviyyat və millət qayğılarınadək bütün dərdləri birəbeş artdı: kəndimiz, atamın dədə-baba ocağı olan Laçın rayonu və daha neçə-neçə rayonumuz, şəhərimiz, kəndlərimiz işğal olundu, minlərlə doğmamız şəhid oldu (şəhidləri ayırmazlar, ona görə Qarabağ müharibəsində həlak olan və itkin düşən qohum-əqrəbamızı ayrıca qeyd eləmirəm), yüz minlərlə soydaşımız, o cümlədən bizim bütün kənd-kəsəyimiz yerindən-yurdundan didərgin düşdü, rayon-rayon, şəhər-şəhər səpələndi. Sovet imperiyasının dağılmasını həzm eləyə bilməyən Rusiyanın və onun Qafqazdakı vassalı Ermənistanın vurduğu bu yaraların hamısı əsarətin bitməyən zərbələriydi – müstəqil Azərbaycan dövlətinə dəyirdi.

Mən hələ kasıbçılığı demirəm.

Bütün ömrü boyu vətənini azad görmək istəyən və buna nail olunmasına çalışan atam elə olub ki, guya soyuqdu deyə, əslindəsə birdən qabağına tanışı, ən çox da tələbəsi çıxıb tanıya bilər deyə şərfi ağzına-burnuna dolayıb şəhərin küçələrində gəzə-gəzə əlində kitab satıb, evə bir tikə çörəkpulu gətirmək üçün – şair, alim, vətəndaş, müstəqil Azərbaycanın həqiqi vətəndaşı, 20 ildən çox (o vaxtın hesabıyla) Bakı Dövlət Universitetində dərs deyən müəllim, dünya ədəbiyyatı kafedrasının dosenti Ağa Laçınlı…

İndi bunu demək mənə çətindi, amma sonda demək istədiyim həqiqəti deməkdən ötrü bunu deməyə məcburam.

Mənim atamın bədii yaradıcılığının təxminən 30 ili sovet dövrünə düşdü. İlk kitabı 26 yaşında, 1966-cı ildə işıq üzü gördü və SSRİ dağılana kimi – 25 il ərzində onun 11 şeir kitabı çapdan çıxdı. 12-ci, sonuncu şeir kitabı da SSRİ dövründə yığıldı, nəşriyyatın planına salındı, sadəcə, texniki səbəbdən çapı yubandı, kitab müstəqilliyimizin ilk dövründə, 1992-ci ildə işıq üzü gördü. Vəssalam. Faktiki olaraq müstəqilliyimizin 16 ilində mənim atamın bir şeir kitabı da işıq üzü görmədi.

Mətbəədən 1992-ci ildə çıxan “Alın yazımız” kitabı atamın müstəqillik dövründəki yaradıcılığını əks elətdirmir, çünki kitabdakı bütün şeirlər sovet dövründə qələmə alınıb, sonuncu şeir 1990-cı ilə aiddi.

Yalnız 2006-cı ildə, ölümündən bir il qabaq atamın tərcümələrinin kiçik bir hissəsindən ibarət “Yapon şeirindən seçmələr” adlı qıvraq bir kitab da çıxdı, 100 səhifədə, tənqidçi, naşir Şirindil Alışanovun və Yaponiyanın Azərbaycandakı səfirliyinin köməyilə. Bu, atamın öz şeirlərindən ibarət bir kitab deyildi, eləcə öz adını gördüyü bir kitab idi.
Yazırdı, müstəqillik dövründə də yazırdı, demək olar, hər gün yazırdı, amma özü deyirdi ki, çörək dərdi imkan vermir toplayıb üstündə işləyib çap eləməyə. Ömrünün son vaxtlarında deyirdi, təzə-təzə açılışıram. Amma ömrünün son vaxtları olduğunu bilmirdi.

Günün birində 40 ildən çox üstündə işlədiyi poemasını, Azərbaycanın müstəqilliyi dövrünə aid bütün yaradıcılığını, elmi tədqiqatlarını, doktorluq dissertasiyasını əlyazmalarda qoyub bu dünyanı tərk elədi.

İndi üst-üstə qalaqlanmış bu əlyazmalara adam hətta yaxın durmağa da qorxur, fikirləşirsən ki, bu qədər yazı-pozunu nə cür sistemləşdirib, səliqəyə salıb çap eləmək olar?

Bunun özünə bir ömür lazımdı. Atamın ölümündən iki il keçib, amma bu işin xofu bizi elə basıb ki, indiyə kimi onun arxivinə yaxın durub, ordan nəyisə götürüb çap elətdirməmişik.

Baxmayaraq ki, atam ömrünün son illərində arxivini xeyli səliqəyə salıb, xeyli sistemləşdirib, illərə, mövzulara, köhnələrə, təzələrə bölüb ayrı-ayrı qovluqlara, qutulara yığıb. Bununla belə, atam bir yazının, bir şeirin üstündə dönə-dönə işləyərdi, onun hər cümləsinin, misrasının neçə-neçə variantı var, ona görə onun arxiviylə işləmək elə də asan məsələ deyil.

O, yaradıcılığının yeni təqdimatını 70 illiyinə hazırlayırdı. Amma 67 yaşında gözlərini yumdu. Atam qəfildən, yuxuda öldü, onun nə cür keçindiyini heç kim bilmədi. Mən belə başa düşürəm ki, ölümündən onun özünün də xəbəri olmayıb, yəni atam ölüb, amma bilməyib ki, ölür və indiyə kimi də bilmir ki, o, ölüb.

Əgər adam ölüm ayağında deyilsə, ölməyə hazırlaşmırsa, eləcə səhər durmaqçün gedib yatırsa və qəfildən yuxuda keçinirsə, onda o, hardan bilə bilər ki, ölüb? Adam yalnız yuxudan duranda bilir ki, gördüyü yuxuymuş. Mənim atam yuxusunun yuxu olduğunu bilməyəcək, o bu yuxunu əbədi olaraq bir reallıq kimi qavrayacaq.

Bəlkə də əsl reallıq elə odu, biz bunu deyə bilmərik. Ancaq atamın şirin bir reallıq içində olduğuna inanıram.

Mən onu oyatmağa gələndə üzündə elə bir xoşbəxt təbəssüm gördüm ki, oyatmağa qıymadım. Qapıdan qayıtdım. Mən heç vaxt heç kimin üzündə o cür xoşbəxtlik görməmişəm. Amma mən onu oyatmağa məcburuydum, ona görə bir azdan yenidən otağa qayıtdım. Demə, bayaqdan keçinibmiş.

Mənim atam sözün bütün mənalarında Azərbaycanın dövlət müstəqilliyindən heç bir fayda görmədi. Əksinə, müstəqilliyimiz dövründə onun əzab-əziyyəti daha artıq odu. Xarici düşmənlərin və daxildəki düşmənlərin – öz xalqının ruhuna, arzularına xəyanət eləyənlərin vurduğu yaralar ona dinclik tapmağa imkan vermədi.

Üstəlik də çörək qayğısı. Bütün ömrü boyu o öz xalqının ruhuna sadiq qaldı, vətəninin kədərini, sevincini bölüşdü, hamıya ağ gün dilədi. Bir şeirində dediyi kimi: “Axı mənə kim çatar ağ günü diləməkdə…”

Mənim atam sovet dövründə çarpışdığı adamlarla Azərbaycanın müstəqilliyi dövründə də çarpışası oldu. Sovet dövründə yazmışdı: “Hər gün vuruşdayam, hər gün döyüşdə…” Müstəqillik dövründə də ömrü mübarizəylə keçdi. Fərq orasındaydı ki, bu dəfə mübarizəyə bizi də qoşmuşdu – verdiyi tərbiyəsiylə.

O bizi halal olmağa, haram çörək yeməməyə, əlimizi qana batırmamağa, düz yolu, bizi insanların, tarixin və Allahın qarşısında üzüağ eləyəcək haqq yolunu tutub getməyə çağırırdı.

Eyni zamanda o, bizə ehtiyatlı olmağı, özümüzü qorumağı, düşmənin küyünə getməməyi məsləhət görürdü.

Atamda, demək olar ki, təmənna deyilən şey yoxudu, bütün yaxşılıqları minnətsiz-umacaqsız eləyərdi, uzaqbaşı istədiyi bu olardı ki, bu yaxşılıqlar bir gün bizim qabağımıza da çıxsın. Bir də atamda pisliyin, şərin məğlub olacağına, istənilən saxtakarlığın bir gün puça çıxacağına dərin inam vardı. Atamı həmişə qayğılı, fikirli görmüşəm. Öləndən sonra baxdım ki, hamı onun nikbinliyindən danışır. Yalnız ölümündən sonra kəşf elədim ki, mənim atam doğrudan da hədsiz dərəcədə nikbin adam olub.

Ümumiyyətlə onunla bağlı çox şeyi indi-indi başa düşürəm və bu kəşflər hələ davam eləyir. Fəxri deyir, fiziki göz yaxından yaxşı görürsə, mənəviyyatın gözü uzaqdan yaxşı görür. Doğrudan da belədi.

Ona görə də biz yaxşıların qədrini onları itirəndə bilirik.

İndi başa düşürəm ki, mənim atamın həyatı və yaradıcılığı azadlıq uğrunda mübarizə aparan, şərlə əməkdaşlıqdan imtina eləyən adamın həyatı və yaradıcılığıdı. Mən onun Kommunist Partiyasına üzv olmamasına sevinməsinin (müstəqillik dövrünü bir qırağa qoyuram, sovet dövründə sevinməsinin), Leninə, partiyaya heç vaxt şeir yazmamasının və bütün bunların yaratdığı məhrumiyyətlərin ağrı-acısını çəkə-çəkə bundan bir təsəlli də duymasının əsl kökünü indi başa düşürəm.

Hamı onu halal adam kimi tanıyır və mən indi başa düşürəm ki, bu halallıq adi halallıq deyil, bu, mübariz, prinsipial halallıqdı, yəni daim öz halallığını qorumaq uğrunda çarpışmış bir halallıqdı.

Atamda yalançı qəhrəmanlıqlara və qondarma şöhrətə mənalı bir istehza vardı, həmişə dodağının altında gülüb keçərdi bu saxtakarlıqlara.

Hamı onu təvazökar, özünü gözə soxmayan adam kimi tanıyır. İndi başa düşürəm ki, bu təvazökarlıq elə-belə məsələ deyil, bu, olduqca ciddi bir əxlaqi məsələdi və yalnız mənəvi gücü zəif olan adamlar təvazökar olmurlar.

İndi başa düşürəm ki, yüzlərlə səviyyəsiz, ikiüzlü, yaltaq, istedadsız, savadsız adamın döşünə döyüb özünü öydüyü vaxtda bu təvazökarlığı qorumaq əxlaqa nə qədər ciddi sadiqlik deməkmiş.

“Gecə yuxusu” kitabından “Şah İsmayıl” şeirinin cırılıb çıxarılacağı, yerinə şeirin yeni variantının yapışdırılacağı bilinəndə o vaxt “Yazıçı” nəşriyyatında ekspeditor işləyən, atamla da iş yoldaşı olmuş, indi Bakı Dövlət Universitetində dərs deyən Bəxşeyiş Əsgərov atama bildirib ki, istəyirəm kitabın orijinal nüsxələrindən bir neçəsini ələ keçirib sənə gətirim, imkan düşsə bunu eləyəcəm.

Atamın ona məsləhəti belə olub: “Risk eləmə”. Bu, “Şah İsmayıl” şeirini yazmağa risk eləmiş adamın məsləhətidi. İllər keçəcək və mən başa düşəcəm ki, özü risk eləyə-eləyə heç kimi riskə çağırmayan adamın əxlaqından böyük əxlaq yoxdu. Bu, əxlaqın zirvəsidi. Şərə qarşı mübarizə aparan insan tipləri arasında bu, ən nümunəvi tipdi.

Atamı ağlım kəsəndən hamıya özündən muğayat olmağı tapşıran gördüm. Bir adamın riskli yola çıxdığını duyan kimi birinci sözü “Özünü qoru” olardı. Ömründə bir adamı təhlükəyə atmadı, bir adamı ölümə vermədi.

Bakı Dövlət Universitetinin SSRİ dağılan ərəfədə və dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə ən qaynar mərkəzlərdən biri olduğunu yada salsaq, bu işin elə də asan başa gəlmədiyini görərik. Mənim elə öz yanımda atam onu istər müəllimi, istərsə də ağsaqqalı kimi qəbul eləyən neçə-neçə gəncə özünü qorumağı tapşırıb. Sözünün əvvəli də bu olub, axırı da.

1990-cı, ya 1991-ci iliydi. Qarabağda ermənilərlə qarşıdurmanın yavaş-yavaş silahlı toqquşmalara keçdiyi, rayonlarda yerli özünümüdafiə dəstələrinin yaranmağa başladığı vaxtlardı. Universitetin dəhlizində rəhmətlik Rövşən Cavadovla rastlaşdıq. Pillələri qalxanda atamı gördü, dayandı, Laçını müdafiə eləmək üçün iş apardıqlarını dedi və cibindən çıxarıb bir-iki fotoşəkil göstərdi. Şəkillərdə Rovşən Cavadov bir neçə gənclə bərabər əlində silah əsl döyüşçü görkəmi alıb durmuşdu. Bizim gözümüzün belə mənzərələrə hələ öyrəşmədiyi, bu cür işlərin bir az da qanunsuz sayıldığı vaxtlarıydı.

Atam dedi: “Rövşən, özündən muğayat ol”. Rövşən Cavadov həqiqətən incidi: “Ay Ağa müəllim, siz də belə deyəndə…” Atam bu dəfə daha ciddi və bir az da sərt – ona cavab qaytarana cavab qaytarırmış kimi – tonda təkrarladı: “Yox da, mən sənə deyirəm ki, özündən muğayat ol”. Səhv eləmirəmsə, atam bunu bir-iki dəfə də təkrarladı və Rövşən Cavadov şəkilləri cibinə qoyub incik tərzdə bizdən uzaqlaşdı.

Atam heç vaxt insanları oda atmazdı. Əksinə, görəndə ki, kimlərsə vətənpərvərliyindən, milləti sevdiyindən, həm də ətrafdakı insanların rəğbətindən coşub, ehtiyatı tamam yaddan çıxarıb, hətta ehtiyatlanmağı xəyanət kimi də qəbul eləməyə başlayıb, onda belə vaxtda atam onlara, gənclərə, tələbələrinə bəlkə də heç kimin demədiyini deyirdi, onları ehtiyatı əldən verməməyə çağırırdı, ehtiyat igidin yaraşığıdı deyirdi. Bunu elə evdə də bizim özümüzə min dəfə deyib.

Yüzlərlə insanın, yüzlərlə yox, minlərlə insanın ehtiyatsızlıq ucbatından qurban getdiyini görəndən, neçə-neçə faciəyə siyasi ayıq-sayıqlığımızın olmaması ucbatından tuş gəldiyimizi başa düşəndən, daha təmkinli, daha uzaqgörən ziyalıların soyuqqanlı məsləhətlərini buraxıb, fikirləri dərinliyinə görə yox, təmtərağına görə qiymətləndirib pafos dalınca getdiyimizi və nəhayət, ləyaqətinə şübhə eləmədiyimiz ziyalıların sözünü bəzən qulaqardına vurmaq kimi bir təzadlı cəhətimizin olduğunu dərk eləyəndən sonra anlayıram ki, atam o vaxt hansı vacib missiyanı həyata keçirirmiş – ağsaqqal missiyasını. Burda ağsaqqal sözü təmkin, ağıl, uzaqgörənlik, vicdan, ləyaqət, təcrübəni paylaşmaq, gəncləri qorumaq, insan taleləriylə oynamamaq kimi saysız-hesabsız vacib xüsusiyyəti özündə birləşdirir.

Hay-küydən qulaq tutulduğu, vicdanlı, ürəyitəmiz insanların səmimi coşğunluğundan, qeyrətli qəzəbindən xarici və daxili düşmənlərin sui-istifadə elədiyi bir dövrdə, bəzi ağsaqqalların da ağsaqqallıq yox, qarasaqqallıq elədiyi bir dövrdə o missiya ən vacib missiyalardan biriydi.

Atam özü riskə gedirdi, amma başqalarını riskə atmırdı, özünü qoruyurdu, başqalarına da özünü qorumağı məsləhət görürdü, başqalarından muğayat olurdu, onlardan da başqalarından muğayat olmalarını istəyirdi. Məncə, bu, ən düzgün yoldu.

Bəxşeyiş müəllim “Gecə yuxusu” kitabının yaralanmamış nüsxələrindən bir neçəsini çıxarıb atama çatdıra bildi. Bu, atamı çox sevindirmişdi. 1986-cı ilin dekabrın 25-də atam Bakıdan kəndə, Laçın rayonunun Oğuldərə kəndinə, qardaşı Əliyə göndərdiyi məktubunda yazırdı: “Kitabım çapdan çıxıb. Ancaq mübahisə doğurub. Bu şəkildə satışa buraxmırlar. Hər şey qaydasına düşəcək.

Bu sirri heç kimə açma. Anamıza demə ki, darıxar. Çünki mübahisə “Şah İsmayıl” üstündə qızışıb”. Dörd gün sonra – dekabrın 29-da atam Bəxşeyiş Əsgərovun gətirdiyi nüsxələrdən birini onun özünə bağışlayanda kitabın üstünə bu sözləri yazıb: “Məmməd oğlu Bəxşeyiş, Kişi qardaş, Allah səni bizə Bəxşeyiş verib. Həmişə belə mərd, Vətənə bağlı ol... Dərin hörmətlə! Ağa Laçınlı. 29.XII.1986”.

İş təkcə bununla bitmədi. “Qızıl Şərq” mətbəəsində atamın tələbəsi olan fəhlələr işləyirdi – mən onlardan şair Xaliq Rəhimlini tanıyıram. Onlar “Şah İsmayıl” şeirinin birini cırıb o birini yapışdıranda partizanlıq elədilər – vərəqi dəyişdirilən nüsxələrin gözünə kitabın orijinal nüsxələrindən də qatdılar. Beləcə, “Gecə yuxusu” kitabı satışa iki variantda çıxdı: həm yaralı, həm də salamat.

Təbii ki, salamat nüsxələrin sayı çox az idi. İndiki kimi yadımdadı, o vaxt atamla kitab dükanına girirdik və atam “Gecə yuxusu”nun rəfdə düzülmüş nüsxələrini tez-tez vərəqləyib baxırdı görsün “Şah İsmayıl”ın orijinalından oxuculara neçəsi çatacaq…

Atamın mağazada öz kitabını vərəqləyən əlləri gözümün qabağındadı. Məhz əlləri. İri əlləri. Görünür, mən bu prosesdə bütün mənanın və duyğuların o vərəqləməyə bağlı olduğunu bildiyimə görədi ki, yaddaşıma məhz həmin an hopub qalıb.

Əmioğlu Əfqan deyir ki, o da kitab dükanında bu cür axtarış aparıb. Bakıdakı “Kitab evi”ndə, deyəsən, bir salamat nüsxə görüb, təbii ki, söhbət həmin gün satış üçün rəfdə qoyulmuş nüsxələrin birindən gedir, satıldıqca satış bazasında və ya mağazanın öz anbarında qalan başqa nüsxələr çıxarılıb gətirilirdi və sözsüz, onların da arasında tək-tək salamat nüsxələr olub.

Çox keçmədi ki, SSRİ dağıldı. Atam onun dağılacağını bilirdi, gözləyirdi, bunu şeirlərində də ifadə eləyirdi. Amma şübhəsiz ki, SSRİ heç kimin gözləmədiyi bir sürətlə dağıldı. Müstəqil Azərbaycan ağır problemlər burulğanına düşdü: müharibə, yoxsulluq, anarxiya… Hüquqa yox, gücə əsaslanan sabitliyi sabitlik saymamaqda haqlıyıqsa, onda demək olar ki, atam bu problemlərin heç birinin həllini görmədən öldü.

Atamın qeyri-adi yaddaşı vardı. Azərbaycanı qarış-qarış gəzmişdi və 20 il, 30 il, 40 il əvvəl rastlaşdığı adamları onların kəndindən, şəhərindən olan adamlarla görüşəndə xatırlayıb soruşardı, özü də elə-belə soruşmazdı, tam təfsilatıyla xəbər alardı: qapısına su çəkdirmişdi, suyu gəlirmi, filankəslə davası vardı, barışdımı, qoca nənəsi dururmu, yaxşı söhbətcil qarıydı, mənə belə dedi, mən ona belə dedim və sair.

Axırda məlum olur ki, həmin adam, tutalım, kənd sovetinin sədriymiş və “Bilik” Cəmiyyətinin xəttiylə atam onların rayonunda olanda onun həyətində cəmisi bir saat oturub, ya çay içib, ya çörək yeyibmiş. (Sovet dövründə şair, yazıçıları zəhmətkeşlərlə görüşlərə ezam eləyirdilər. Yeri gəlmişkən, atam deyirdi ki, belə görüşlərdə antisovet şeirlərini oxuyanda bəzən adamların oturacaqlara qısılıb, yumulub bir növ görünməz olmağa çalışdığını da müşahidə eləyib).

Atam adamları ləhcəsindən nəinki hansı rayondan, hətta hansı kənddən olduğunu da tapırdı, belə hadisələr mənim gözümün qabağında yüz dəfə olub və mən adamların buna nə cür təəccübləndiyini görmüşəm. Atam adamlarla belə tanış olardı: Filan rayonun hansı kəndindənsən – filan kəndindən, yoxsa filan kəndindən? Soruşmazdı ki, hansı rayondansan, çünki bunu atam dərhal, sorğu-sualsız duyardı.

Kəndi soruşanda da yenə təxmini bilirdi ki, bu-bu kəndlərin birindəndi, ayrı kənddən deyil. Sonra tanışlıq belə davam eləyərdi: Filankəslərdənsən, yoxsa filankəslərdən? Filankəsin nəyisən? Birdən qarşısındakını şoka salan sual olardı: Ə, sənin dədən yenə filankəsdən ərizə yazır? Qız qaçırtmışdın, qız eviylə barışdınmı? Neçə uşağın var?

Bir dəfə hətta təsadüfən Bakıda bizdən yolu soruşan qızdan həyətlərindəki tut ağacını xəbər aldı. Daha doğrusu, qız yolu soruşan kimi atam soruşdu ki, Laçının harasındandı, sonra soruşdu ki, kimlərdəndi. Daha heç nə soruşmadı, bundan sonra atam elə yolu gedə-gedə üzünü mənə çevirib həmin qızgilin bağ-bağatından, həyətlərindəki tut ağacından danışmağa başladı.

Sözsüz, atam zarafatından qalmazdı. Qıza deyirdi ki, mənim laçınlılardan zəhləm gedir: “Bah-bah-bah, ay laçınlılar, sizdən nələr çəkmişəm…” Atam yolu göstərsə də, qız əl çəkmirdi, getmək istəmirdi, dirənib durmuşdu ki, denən görüm sən kimsən. “Vallah, sən laçınlısan” deyirdi.

Atam üz-gözünü turşudurdu: “Nə? Laçınlı? Allah eləməsin!” Axırda gördü ki, qız əl çəkmir, atam boynuna aldı ki, laçınlıdı və bir dəfə qızın atasının qonağı olub. Atam onun atasına salam göndərdi. Onda mən 8-9 yaşda olardım.

Atamın yaddaşı həyat eşqli bir yaddaşıydı. Bu yaddaş həyat səhnələrini, əhvalatları, söhbətləri, təbiət mənzərələrini, atları, inəkləri, qoyun-quzunu, gül-çiçəyi özünə hopdururdu. Amma məsələn, rəqəm atamın yadında qalmırdı, yəni qalırdı, amma hamıda olduğu kimi, qeyri-adi şəkildə yox, adi qaydada.

Atamın söhbətlərindən doymaq olmurdu. Bunu onu tanıyanların, xüsusilə yol yoldaşı olanların hamısı deyir. Atam saatlarla saysız-hesabsız əhvalatı dayanmadan danışa bilirdi, özü də insanı yormadan, duzlu, məzəli… Tez-tez də xəbər alardı: “Başını ağrıtmıram?..”

Bir dəfə universitetdə kafedrada atamın iş yoldaşlarından Nüşabə xanımla Namiq müəllimi gördük – atam yenicə dünyadan köç eləmişdi. Nüşabə xanım dedi, elə indicə Ağadan danışırdıq: “Namiq müəllim deyir, kaş Ağanın söhbətlərini yazaydıq, bilsəydim, yazardım deyir”.

Namiq müəllim əlini dizinə vurub başını yellədi: “Adamın ağlına nə gələr? Hardan biləsən! Hardan biləsən ki, durduğu yerdə birdən-birə çıxıb gedəcək…”
Atam danışırdı, danışırdı, hərdən köləliyə qarşı mübarizəsinə görə çəkdiyi əziyyətlərdən də söz salırdı. Sən o əziyyətləri doğuran addımlardan birini atmaq istəsəydin, atam o dəqiqə sənə ehtiyatlı olmağı məsləhət görəcəkdi.

O özü eləyirdi, amma başqalarına qıymırdı. Başqalarına qıymamaq – sən qarışıq neçə-neçə adamı ölümə verən və ya ölümə verməyə hazır olan, xoşbəxtliyini başqalarının bədbəxtliyi üstündə qurmaqdan nəinki çəkinməyən, hətta bundan zövq alan saysız-hesabsız maskalı-maskasız cəlladı göz qabağına gətirəndə başa düşürsən ki, insana qıymamaq nə deməkdi.

Mənim atam qəhrəman deyildi, çünki o öz işini qəhrəmanlıq yox, insani borc, vicdan borcu kimi həyata keçirirdi. Yəni onun nəzərində hər şey elə bu cür də olmalıydı, o bu işi görməliydi və burda öyüləsi bir şey yoxdu. Bu mənada atamla Alber Kamyunun “Taun” romanının qəhrəmanı doktor Riye arasında indi bir oxşarlıq tapıram. Fəxri düz deyir, mənəviyyatın gözü uzaqdan yaxşı görür.

Mənim atam Vətənimizin səssiz fədakarlığına, sakit, özünü gözə soxmayan, özünü reklam eləməyən fədakarlığa bir nümunədi. Biz vətənimizdə bu cür nümunələrin çox olduğunu duymalı, bununla fəxr eləməliyik. Bu duyğunun böyük tərbiyəvi əhəmiyyəti var. Bu, əxlaqi duruluq yaradan bir duyğudu. Onda böyük mənəvi qüvvə, mənəvi sirayət gücü var.

Mənim atam qəhrəman deyil, mənim atam olsa-olsa naməlum qəhrəmandı və bu naməlumluq böyük bir tərbiyədi. Onu bəlkə də məlum vəziyyətə gətirmək yanlışdı, onun mahiyyətinə ziddi. Amma təvazökar, təmənnasız və səssiz fədakarlığı təbliğ eləyəndə biz istər-istəməz nümunələr də göstərməliyik. Biz məlum qəhrəmanların qiymətini azaltmadan, onlardan sevgimizi əsirgəmədən naməlum qəhrəmanlardan dərs almağı da unutmamalıyıq.

“Şah İsmayıl” hadisəsinin mənim və ailəmizin başqa üzvlərinin yadında, demək olar ki, bir təfərrüatı qalmayıb. Mən bu hadisəni orda adı keçən adamların köməyilə birtəhər bir-birinə bağlayıb danışdım.

Hamının yadında qalan odu ki, Ağa Laçınlının köləliyin əleyhinə yazdığı şeirini kitabdan cırıb başqa variantla əvəz eləyiblər.

Əlavə elə bir şey bilən yoxdu. Əgər siz soruşsanız görərsiniz ki, nəinki sovet Azərbaycanının, hətta bəlkə də bütün SSRİ-nin mövcud olduğu dövrdə analoqu olmayan bu ədəbi-siyasi hadisədən nəinki keçmiş SSRİ-də, Azərbaycanda xəbərdar deyillər, hətta Azərbaycanın şairləri, yazıçıları arasında da bundan xəbəri olan çox az adam var. O vaxt eşidib bilənlərin də yadından çıxıb.

Və bütün bunların bir səbəbi var: mənim atam heç vaxt özündən qəhrəman düzəltmək fikrində olmayıb, heç vaxt özünü reklam eləməyib, vicdan borcunu yerinə yetirdiyinə, vətəninin, xalqının qarşısında özünə borc bildiyi işlərinə görə mükafat ummayıb.

Bəlkə də elə şair var ki, bu hadisə onun başına gəlsəydi, Sovet İttifaqı dağılandan sonra yüz dəfə o barədə müsahibə verib danışardı. İndisə bu hadisənin təfərrüatını hətta mən – atamın Azərbaycan müstəqil olandan əlinə qələm alıb yazı-pozuyla, jurnalistikayla məşğul olan övladı və hər biri qələm adamı olan qardaşlarım da bilmir. Atam bir dəfə də olsun Azərbaycanın müstəqilliyi dövründə həmin yaralı kitabı çıxarıb bir kimsəyə göstərmədi.

Demədi, baxın görün mən neyləmişəm, mənə qarşı nələr eləyiblər. Demədi. Azərbaycanın və yəqin ki, neçə-neçə ölkənin poeziya tarixində analoqu olmayan bu hadisəni tarixə, özünü həmin tarixin qəhrəmanına çevirmədi.

O, sakitcə başını aşağı salıb azadlıq uğrunda mübarizənin verdiyi bəhrənin – dövlət müstəqilliyinin hamı üçün şirin bir nübar olması yolunda çalışdı, təmənnasız və təvazökar mübarizəsini davam elətdirdi.

Mənim atam azadlıq uğrunda mübarizəsindən öz həyatında, demək olar ki, ancaq ziyan gördü, onun atama heç bir faydası olmadı. Ancaq o, bir dəfə də olsun bu mübarizədən üz döndərmədi, heç vaxt dövlət müstəqilliyimizdən xeyir-duasını əsirgəmədi.

Onun xeyir-duası müstəqilliyin xoşbəxt eləmədiyi adamın xeyir-duasıydı, yəni əsl xeyir-duaydı.

Sovet İttifaqı dağılhadağılda senzura – “Qlavlit” ləğv olundu. “Alın yazımız” kitabını tərtib eləyəndə atam “Şah İsmayıl” şeirini tam şəkildə, ilkin variantında ora daxil elədi və şeir əvvəldə necəydisə elə də kitabda işıq üzü gördü. “Alın yazımız”ı tərtib eləyəndə qardaşım Fəxri ora antisovet şeirlərin salınmasına çox imkan verməyib.

Atamın yalnız bir neçə antisovet şeiri ora salınıb, çünki Fəxri deyib ki, daha belə şeirlərin dövrü keçib.
Şeir ölməməlidi, əgər o, bir quruluşun dağılmasıyla əhəmiyyətini itirirsə, deməli, onun bədii məziyyətinə şübhə eləməyə əsas var.

Düzdü, atam özünün azadlıq şeirlərinin ölməsi fikriylə razılaşmırdı, çünki onu bu şeirlərə ölməyən duyğuları bağlayırdı. Bu şeirlər əbədi duyğulardan, pak niyyətdən, ölməz dəyərlərə söykənən ideallardan qaynaqlanırdı. Ancaq bu gün mən atamın kitabını sizə versəm, siz orda ictimai-siyasi şeirləri yox, sevgi şeirlərini, təbiət şeirlərini daha çox oxuyacaqsınız.

Bununla belə, bəzən elə bir tarixi dövr gəlir ki, orda ictimai-siyasi həqiqətlər də daha çox şairin, yazıçının dilindən səslənməli olur. Bəzən poeziya bu missiyanı da öz üzərinə götürməli olur – şair təkcə mənaları yox, məqsədləri də ifadə eləmək məcburiyyətində qalır.

Öz məqsədinə çatandan sonra bu cür məqsədli ictimai-siyasi şeirlər əhəmiyyətini ya tam, ya da qismən itirəcək. Ancaq o şeirləri doğuran hisslər əbədidi.

Atamın kitab dükanında “Gecə yuxusu”nu sürətlə vərəqləyən iri əllərini xatırlayıram. O hisslər əbədidi. Şeirin hərfləri, nöqtə-vergülləri ölsə də, daxili enerjisi, ruhu yaşayır.

Oqtay deyir, o gün atamı yuxuda görmüşəm. Deyir, görürəm bir ağ yoldu, atam yolun düz ortasında dayanıb qoluma girib deyir: “Darıxmayın, hamınızın üzünə qapılar açılacaq”.

Mən bu qapıların tezliklə açılmasını istəyirəm. Mən bu qapıların Quzeylə Güneyin arasında, Təbrizlə Bakının arasında açılmasını istəyirəm.

Mən o ağ yolun Qarabağa, Göyçəyə, Zəngəzura, Borçalıya, Dərbəndə, Kərkükə gedib çıxmasını istəyirəm. Mən xalqımızın, Vətənimizin bir ağ günə, ağappaq bir günə çıxmasını istəyirəm.

Yalnız indi, yazının sonuna gəlib çatanda başa düşürəm ki, bu yazı Azərbaycan haqqındadı, Vətən haqqındadı. Əslində mən azadlıq uğrunda təvazökar, təmənnasız və təvazökar olduğu qədər də prinsipial mübarizədən danışmaq istəyirdim. Ancaq indi görürəm ki, bu yazı bizim xalqımız haqqındadı.

Dünyada bizim xalqımız qədər faciəli taleyi olan ikinci bir xalq çətin olsun. Ancaq darıxmayın, qapılar açılacaq.

Bütün ömrünü dinməzcə-söyləməzcə xalqına fəda eləyən oğlanların, qızların durduğu ağ yoldadı nicat yolu.

Biz heç kimi heç bir çətin işə çağırmadan, heç bir mükafat ummadan, heç kimə elan eləmədən, dinməz-söyləməz əlimizdən gələni eləməliyik Vətən yolunda, xalq yolunda, Azərbaycan yolunda.
Bizim yolumuz Azərbaycan yoludu. Biz dərdimizin-sərimizin, sevincimizin bir olduğunu, yolumuzun bir olduğunu başa düşməliyik.

Bir-birimizi didib-parçalamağa, bir-birimizə zülm eləməyə son qoymalıyıq.

Bir-birimizin günahından keçib əl-ələ tutmalı, birliyimizi, diriliyimizi yaratmalı, millətimizin yatmış duyğularını, yatmış ideallarını oyatmalıyıq. Millət üçün milli birlikdən böyük heç nə ola bilməz. Birliyimizə çatmalıyıq.

Yaşasın Vətənin ər övladları

Yaşasın Vətənin ər övladları,
Yaşasın yanımlı doğmalarımız.
Yaşasın yaxşının qol-qanadları,
Yaşasın alınmaz namus-arımız.

Yaşasın dözümlə qəm üstələyən,
Yaşasın havanı öncə duyan dost.
Yaşasın yağıya fikir təliyən,
Yaşasın ağılla can qoruyan dost.

Yaşasın qəlbində qədir bilənlər,
Yaşasın döyülüb öldürülənlər.
Yaşasın başına hava gələnlər,
Yaşasın dırnaqla dağı dələnlər.

Arı bəla çəkir bal üsküyündə,
İçməyə nə var ki, şirin şirəni.
Gəlin yada salaq – daşlar üstündə
Azadlıq toxumu yetişdirəni.

Gəlin alqışlayaq tükənməz tabı,
Dönüklər çox mindi dövrün atına.
Elcanlı dustağı sıxan yatabı
Tapşıraq o tanrı amanatına.

Min istək mələdi el baxışında,
Kimimiz var axı, kimi taptadaq?
Yığval boyasının axtarışında
Qaranı verdilər, ağı tapmadıq.

Yaşaya bilmədi yaşayasılar,
Zalıma yem oldu mərdin ömürü.
Qəlbində bol insaf daşıyasılar
Döşündə daşıdı dəmir-dümürü.

Bilsən hamısını huşun dağılar,
Hələ tanımırsan bizim “lordları”.
Qoy yaxşı yağlansın harın yağılar,
Qoy yaxşı kökəlsin qəbir qurdları.

Sizdən danışıram, a dərd verənlər.
Arada yellənən bir veyilsiniz.
A başda oturub baş gəmirənlər
Yurdun yaraşığı siz deyilsiniz.

Yurdun qəhrəmanı siz olmadınız,
A mənlik qanını keyidən keylər.
Elə quyulanar batmış adınız,
Çatmaz hamınıza bu haylar-küylər.

Hələ dönməmişdir igidin üzü,
Kişilər tutuldu elin dərdinə.
Keçirib ələkdən əyrini-düzü,
Küsünə-küsünə deyirəm yenə:

Yaşasın yaxşının qol-qanadları,
Yaşasın alınmaz namus-arımız.
Yaşasın Vətənin ər övladları,
Yaşasın yanımlı doğmalarımız.

1983