Tanınmış rejissor Oqtay Mirqasımov öz ssenarisi əsasında «Azərbaycanfilm» kinostudiyasında istehsalına başladığı filmin əsas hissəsini elə bu rayonda çəkəcək. İlk səhnələr 19-cu əsrdə Göygöl rayonunda almanlar tərəfindən tikilmiş Lüteran kilsəsi qarşısında çəkilir. Yaradıcı briqada filmin ən dinamik kütləvi səhnələrindən birini burada çəkir.
Rejissor Oqtay Mirqasımov: «Bu səhnələr üçün bəlkə də daha uğurlu bir yer seçmək olardı, amma süjetimizlə bağlı olduğundan məhz buranı seçmişik».
Film Xanlarda yaşamış alman ailəsinin 1941-ci ildə müharibə ərəfəsində zorla köçürülməsindən bəhs edir. Filmin çəkilişinə rayon əhalisi də cəlb edilib.
Göygöl sakini Cəlil Rəhimov:
- Bizi dəvət eləmişdilər. Bura gəlin çəkilin, biz də etiraz etmədik gəldik.
- Qəribə geyimləriniz var sizin, geyimi necə təqdim eləmək olar?
- Sizin rolunuzun adı nədir?
- Biz evlərdən köçürülmüş vətəndaşlarıq.
- Çətin deyil iştirakçı olmaq?
- Çətin də olsa kömək etməliyik.
Rayon sakinləri deyirlər ki, filmdə çəkilməyə çox həvəslidirlər. Filmdə iştirak edənlərə kiçik qonorarlar da verilir.
12 yaşlı Camal Şükürzadə bu barədə həvəslə danışır:
«ÖZÜM GETDİM YAZILDIM, SONRA ZƏNG VURDULAR GƏLDİM»
Çəkilişdə iştirak edən başqa bir yerli sakin isə bunları deyir:
- Nə qədər adam cəlb olunub?
- Fraqmentlərə baxır, 200-300, elə olur 600 adam iştirak edir.
24 yaşlı Günel Mirzəyeva:
«Özümüzü elə hiss edirik ki, elə bil 1941-45-ci ildəyik. O vaxtın təəssüratı var bizdə. Çox maraqlıdır».
İstehsalı dövlət tərəfindən maliyyələşən filmdə Azərbaycanlı sənətkarlarla yanaşı, gürcü, rus və alman aktyorlar da iştirak edirlər.
Hazırda Göygöl adlandırılan bu yaşayış məntəqəsi 19-cu əsrin əvvəllərində (1815-ci ildən etibarən) çar Rusiyası almanları burada məskunlaşdırdıqdan sonra Yelenendorf adlanıb. Sovet dövründə adı Xanlar olan bu qəsəbədən almanların əksəriyyəti Böyük Vətən Müharibəsi başlayarkən SSRİ-nin içərilərinə köçürülüb.