Azərbaycanda hərbi təyyarə partlayıb

Russia -- Sukhoi Su-25, 2008



Hadisə fevralın 3-də saat 18:30-da Kürdəmir rayon ərazisində təlim uçuşları zamanı baş verib.

Bu barədə AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan hərbi hava qüvvələrinə məxsus SU-25 qırıcı təyyarəsində təlim uçuşları zamanı qəza vəziyyəti yaranıb. Təyyarədəki iki nəfər ekipaj üzvü özlərini təyyarədən atandan (katapulta) sonra təyyarə partlayıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Keçən il martın 3-də də Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğramışdı.

Su 25

O zaman da Su-25 tipli qırıcı təyyarə Tovuz rayonunun Aşağı Ayıblı kəndi ərazisindən təxminən 6 kilometr kənarda Zəyəm çayının üzərindəki körpünün yaxınlığında yerə düşmüşdür. Qəza zamanı təyyarənin pilotu Famil Məmmədli həlak olub.

Son bir neçə ildə Azərbaycan hərbi büdcəsini dəfələrlə artırıb. 2011-ci ildə müdafiə sahəsinə ayrılan büdcə 3 milyard dollardan çoxdur. Hökumət bu pula ordunun müasir silahlarla və texnika ilə təchiz edildiyini bildirir. Amma tənqidçilər deyirlər ki, Azərbaycan hökuməti daha çox vaxtı ötmüş Rusiya hərbi texnikasını alır.