Misir müxalifəti hökumətlə danışıqları “nəticəsiz” adlandırır

Misir müxalifəti bildirib ki, ölkədə siyasi böhrana son qoyulmasına dair hökumətin təklifləri yetərli deyil.

Ölkədə fəaliyyəti qadağan edilmiş Müsəlman Qardaşları və başqa bir neçə qrup bazar günü hökumətlə danışıqlar aparıb. Hakimiyyət həmin görüşdə konstitusiya islahatları da daxil olmaqla razılaşma təklif edir. Amma rəsmilər prezident Hüsnü Mübarəkin dəyişikliklərə rəhbərlik etmək üçün hakimiyyətdə qalmasını istəyirlər. Müxalifət isə təklifi rədd edib, bu görüşün özünün baş tutmasını yeganə uğurlu cəhət adlandırıb.

Nobel Sülh Mükafatı laureatı Mohamed ElBaradei görüşdə iştirak etməyib. Amma müzakirələri “anlaşılmaz” adlandırıb.

Bu gün hökumət büdcədən maaş alanların əməkhaqlarının 15 faiz artırıldığını bəyan edib.

Iki həftədir Misirdə müxalifət ölkədə yoxsulluq və korrupsiyaya etiraz olaraq demokratik islahatlar aparılması və Hüsnü Mübarəkin istefası tələbilə etiraz aksiyalarını davam etdirir.