Kəpənəkdoğan

"Qanun" nəşriyyatının yeni seriyasında - "Birinci kitab"" seriyasında gənc yazar Ziyad Quluzadənin "Kəpənəkdoğan" romanı çap olundu.

Bu barədə qanun.az saytı xəbər verir:

"“Beşmərtəbəli evin altıncı mərtəbəsi”… Təhminə, Zaur, Spartak…

Yox, sən demə, о evin yeddinci, səkkizinci mərtəbələri də varmış.

Bu mərtəbələrdə Məryəmi görəcəksiniz – Təhminəylə Zaurun qızını.

Allaha yıxıla-dura inanan Təhminə, vətənin dərdləri ilə yaşayan Zaur.

Hələ Təhminənin anasının gündəlikləri. Deyəsən bunlar nəsillikcə beləymişlər!

Necə? Bu haqda bilmək üçün Ziyad Quluzadənin tikdiyi mənzillərə doğru…"

500 tirajla çap edilmiş kitabın qiyməti 3 manat 50 qəpikdir.

Romandan bir parçanı "Oxu zalı"nda dərc edirik.

KƏPƏNƏKDOĞAN
(Romandan parça)


Mən-Zaur yanılmışam. Bu oyunu uduzdum. Bəzən otağıma qapanıb günlərlə ağladım, üsyan etdim. Ancaq heç nə dəyişmədi.

Görünür, günah məndə imiş. Mən öz həyatımı təsadüflərin öhdəsinə buraxdım.

Çünki heç vaxt inana bilmədim ki, bu dünyanın yeganə qaydası var: “Sən nə istəsən, nəyə doğru getsən, o olacaqsan”.

Bəs mən nəyə doğru getmişdim? Heç nəyə... Mən cəmiyyətin qoyduğu qaydalarla hesablaşdım.

Öz arzularımı, məqsədlərimi qurban verdim.

Ziyad Quluzadə
“Eh, Zaur! Sən xoşbəxtliyin yolunu tapmalısan. Bu yol hər yerdə var. Xəyallara qapılma. Onları həyata keçir”- deyə-deyə özümü inandırdığım günlər də olurdu.

Həyatı anlamağa başlayanda boynumda pioner qalstuku vardı. “1 may” bayramları Neftçilər prospekti boyu keçən hərbi parad və yeni il şənlikləri məni “Novruz bayramı”ndan daha çox əyləndirirdi.

Ordudan təzəcə qayıtmış əsgərlərin arxasınca qaçıb nişan istədiyim günləri də xatırlayıram.

Üzərində oraqla çəkicin təsviri olan qırmızı sovet bayrağını sandığımıza gizlətdiyimiz üç rəngli bayraqdan daha böyük, əzəmətli olduğuna inandığım vaxtları da xatırlayıram.

...utanırdım...

...10-cu sinifdəyəm...

Çovğunlu, qarlı bir qış səhəri dərslərimi hazırlayırdım. Tarix dərsindən “Vəhşi musavatçılar”ın törətdikləri əməlləri ucadan, bağıra-bağıra oxuyurdum. Divarın bir küncünə sığınıb revmatizmin verdiyi ağrılardan əziyyət çəkən babamın ağladığını eşitdim.

...II dünya müharibəsində hansısa şəhərin alınmasında iştirak etmiş, sinəsi medallarla dolu “Sovet ittifaqı qəhrəmanı”...

...ölkəsinin başına gəlmiş bütün müsibətlərdən payını almış ahıl kişi...

...təhqir olunmuşluq...

...sıxışdırılmış qəhrəman...

Bu adamı birinci dəfə idi kədərli görürdüm. Dayandım. Babama baxdım.
“Musavatçılar vəhşi deyildilər”- dedi. Yorğundu. Sanki müharibədən evinə təzəcə qayıtmışdı.

Rüsvayçı şəkildə məğlub olmuş ordunun sağ qala bilmiş sonuncu əsgəri kimi idi. Özünü təhqir olunmuş hiss edirdi.

Mənliyini, ləyaqətini döyüş meydanında qoyub evinə doğru qaçmış biri kimi...
“Burada elə yazılıb. Bilmirsən ey, baba. Bax”- dediyimi xatırlayıram. Sonra həvəslə kitabı ona göstərdiyimi də...

...qorxudan susdu...

...evin səssizliyinə yayılan bu qoca kişinin hıçqırtıları sonralar mənə çatacaqdı...
Babam həqiqəti bir neçə il sonra dedi. O həqiqət ki, mənim bütün həyatımı qurban verməyə hazır olduğum “azərbaycançılıq” ideasının ilk toxumu olacaqdı.

...niyə gerçəyi öyrənəndə babama nifrət etdim?..

...bütün olanları vaxtında öyrənsəydim nə dəyişəcəkdi ki?...

...Kremlin qapıları ağzında dayanıb: “Tüpürüm sənə, Rusiya, mənim xalqımı məhv etdin! ”- mi, deyəcəkdim?..

...ya Ermənistana gedib ulu babalarımın iztirablarından yoğrulmuş İrəvanın şəhər meydanlarının birindəmi bağıracaqdım: “Şərəfsiz erməni,... çörəyi dizində olan erməni”...
Bəlkə də, bunların heç birini etməyəcəkdim. İçdən-içə qırmızı bayrağa, Leninə, Engelsə, Marksa, sovet idealogiyasına və onun əl altısı, erməni xalqına nifrət edəcəkdim.
...ya da azərbaycanlıları qırdığı üçün adına Bakıda böyük küçələrin adı verilmiş erməni sərkərdələrinin barelyefini söküb atacaqdım...

...ən azından bunu edəcəkdim...

...edə bilərdimmi?..

...həqiqəti öyrənəndə sovetin, MTN-nin və hansısa zirt-zibilin qorxusundan susmadımmı?

...susdum...

...şair dostum gözəl deyirdi: “Tüpürcəyini udan adamdan qəhrəman olmaz”...

...mən də udurdum. Cəsarətimlə birlikdə...

Sənədlərimi Azərbaycan Pedaqoji institutuna verdim. Filalogiya fakultəsinə qəbul olundum. Universitetin ikinci kursunda oxuyanda qırmızı bayrağı ilə öyündüyüm imperiya mənə növbəti zərbəni vurdu. Böyük dayım Azad Nurun Sibir çöllərinə sürgün olunduğunu öyrəndim. Neçə illik bir ailə sirri açılmışdı. Anam bərk-bərk tapşırırdı ki, heç yerdə bu haqda danışmayım. Dayım Leninin heykəlinə baxıb, üzünə tüpürüb: “Sənə nifrət edirəm, şərəfsiz”- deyibmiş. Sonra MTN gecə döyülən qapılar siyahısına bizim evi də salıb.

Azan səsinin kilsə zənglərinə qarışdığı və kilsə danqıltılarının daha ucadan çıxdığı İçəri şəhərin dar küçələri ilə dayımı sürüyüb aparıblar.

...Sibir çöllərində sürgün olunmuşlara azadlıq nəğmələri oxuyurmuş...

...“Mən türkəm. Boz qurt mənim talismanımdır ”- deyirmiş...

...sonrası?..

...sonrası nənəmin səhər-axşam gözlərini dikib ümidlə baxdığı taxta qapı...

...sonrası qapımızın astanasına ayaq basıb kommunal xərcləri gətirən poçtalyondan yalvarıb məktub istəməyimiz..

...sonrası bizi də apararlar qorxusu ilə dayımın əlyazmalarını yığıb MTN-ə daşımağımız...

...sonrası kədər, göz yaşı, izdirab....

Babam həmişə qorxa-qorxa onun haqqında deyərdi ki, dayının qiymətini nə vaxtsa biləcəklər.

Mənsə sovet hökümətinə qarşı kiçik azadlıq şeirləri yazan bu adamın qiymətini kimin nə vaxt biləcəyini həmişə düşünürdüm.

Aldanmışdım. Lenin, sovet höküməti hamı kimi məni də aldadtmışdı, Nigarı da...

...mənim ilk eşqim...

...ilk məhəbbətim...

...həyatımda yeganə müqəddəs və bütün günahları bağışlanacaq dərəcədə sevdiyim qadın...

...elə bir qadın ki, onun uğrunda kamikadze də olardım...

...ancaq alınmadı...

...niyə? Sevmişdim axı...

...ən ülvi məhəbbətlə sevmişdim...

Nigarla eyni qrupda oxuyurduq. Nəsimini sevirdi. Bir də “Vağzalı”nı. “Nəsimi nə istədiyini bilən adam olub”- deyərdi. Ona qiptə edirdi. Ancaq heç vaxt Nəsimi kimi əqidəli, dönməz və məqsədyönlü ola bilmədi. Başqalarının onun üçün yazdığı ssenariyə əsasən yaşadı.

İsti yay günüdür. Yaxşı xatırlayıram. Səma buludsuz... Saat 2 ya 3 radələrində. Nigar və mən. Həyəcanlıyam.

“Qız qalası”nın balaca pəncərəsi... Xəzərə baxırdıq. Gizli, naməlum tarixi olan “Qız qalası”... Birdən alındı. Təsadüfən oldu. Onu öpdüm. İlk dəfə bu qədər sevdiyim birini yanağından öpdüm. İlk dəfə bir qıza: “Səni sevirəm” - dedim. Nigar qorxmuşdu. Başını aşağı salıb spiralvari pillələrdən tez-tez düşdü. Ağlayırdı. Iki həftə dərsə gəlmədi. Sonra danışdırmadı. Dərs qurtaran kimi arxasınca düşüb “Araz kinoteatrı”nın yanına kimi gəldim. Yalvardım. Söz verdim ki, bir də öpməyəcəm. Barışdıq.

- Yeni film var.

- Hind kinosudur?

Göz yaşı axıda biləcəyi filmləri sevirdi.

- Yox, Dədə Qorqud.

Baxdıq. Dış oğuzlar 40 incəbelli qızla Burla xatunu aparanda Nigar əlimdən tutdu. Başını çiynimə qoydu. Saçları elə gözəl qoxurdu ki...
- Zaur, səni sevirəm.

- Mən də... Niquş, mən də. Nigarımın saçlarından öpdüm. Həmin vaxt Qaraca Çoban Dış oğuzlara qarşı vuruşub Salur Qazanın obasını qoruyurdu. Öz sədaqətini, sadiqliyini nümayiş etdirirdi.

Salur Qazan gəldi. Vuruşdu. Oğuz eli 40 incəbelli qıza və Burla xatuna yenidən
qovuşdu. O, namusuna yaxılmış ləkəni sildi.

...Sonda dədəm Qorqud saz əlində oxuyur...

...bu nəğmə oğuz elinin qələbə marşı yox, Nigarla mənim eşq dastanımızın vüsalını vəsf edirdi...

...bəlkə də, mənim məhəbbətimə nəğmələr qoşduğu üçündür Dədə Qorqudu sevirəm...

...xoşbəxtlik belə bir şey olmalı: sevdiyinlə əl-ələ gəzişmək...

...ayrılıqsız məhəbbət olmurmu?..

...olmurmuş...

Bir neçə aydan sonra atasının təkidi ilə bir yəhudiyə ərə getmişdi. Mənə heç nə demədən səssizcə evlənib getdi. Həftələrlə axtardım, tapmadım.

Günəş Xəzərin arxsında gizlənəndə mənim məhəbbət matəmim başlamışdı. Telefonu otağıma çəkib gətirdim. Pəncərələri açdım. Xəzərə, Bayıl buxtasına və Bakıya baxdım.