ATƏT PA-nın vitse-prezidenti müxalifət lideri ilə görüşüb

ATƏT

Fevralın 12-də Bakıda səfərdə olan ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrossruk AXCP sədri Əli Kərimli ilə görüşüb.

Qrossruk 7 noyabr 2010-cu il parlament seçkiləri ilə əlaqədar ATƏT PA-nın qısamüddətli Müşahidə Missiyasına, eyni zamanda seçki günü ATƏT-in ümumi missiyasına rəhbərlik edib.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ötən parlament seçkiləri diqqətdə olub:

«AXCP sədri seçkidən sonra baş tutan bu ilk görüşdə qonağın nəzərinə total seçki saxtalaşdırılmasından, xalqın iradəsinə zidd parlament formalaşmasından danışıb».

Partiya sədri Əli Kərimli hər seçkidən sonra beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətinə tədrici demokratikləşmə üçün tövsiyələr hazırladığını, lakin onların heç birinin yerinə yetirilmədiyini xatırladıb.

«Təcridi demokratikləşmə prosesi alınmadığı halda isə, çox təəssüf ki, bəzi beynəlxalq təşkilatların təmsilçiləri real dəyişiklər üçün yox, hökumətin demokratiyanı imitasiya etmək siyasətinə kömək istiqamətində fəaliyyət göstərir» - deyə Əli Kərimli bildirib.

ATƏT PA-dan olan nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Milli Məclisdə, iqtidar və müxalifət partiyaların rəhbərləri və digər şəxslərlə görüşlər keçirir.