Vüqar Haqverdiyev "Zibillikdə təmiz söhbət" (Hekayə)

Kasıblar məhəlləsində ömür sürən bir “bomj” - territoriyasındakı zibillikdə yad adamın eşələndiyini görüb, tez özünü çatdırır ki, görsün bu kimdir belə icazəsiz onun zonasına soxulub.

Yaxınlaşanda öz keçmiş butulka yoldaşını görüb həm sevinir, həm də təəccüblənir:

– Ay brat, xoş gördük səni! Sən hara, bura hara?

– Xoş günün olsun, qərdeşim! Buralardan keçirdim, dedim elə həm ziyarət, həm də ticarət, baxım görüm keçmiş məskəndə vəziyyət nə yerdədir?

– Ala, yekə kişisən, kimə gəlirsən? Sən, bizi atıb varlılar məhəlləsinə keçəndən saqqala salam vermirdin, indi yəqin nəisə olub ki, bizim bu kasıb məhəlləyə təşrif buyurmusan?

– Yox əşşi, nə olasıdır ki, demirəm elə-belə keçirdim burdan?

– Bura bax qədeş, özün bilirsən ki, mən təmiz söhbəti xoşlayıram, ona görə də gəl, təmiz danışaq!... Düzünü de görüm nə olub?

– Yaxşı, təmiz deyirsən, təmiz danışaq! Düzü, bir az acmışam ona görə bu tərəflərə gəlmişəm.

– Necə yəni acmışam? O boyda varlıların həyətində bir şey tapmırsan yeməyə?

– Əşşi nə varlı, varlı, salmısan, sən demə, elə onların yalnız adları var imiş. Bu zalım uşaqları heç elə bil evdə yemək yemirlər? Bir artıq-urtuqdan zaddan çölə atmırlar ki, biz də dolanaq. Özün görürsən də o tərəfə keçəndən əməlli-başlı arıqlamışam, – deyə köhnə dost qurumuş bədənini göstərib gileylənir.

– Ala, günah sənin özündə oldu də, bizi bəyənmədin, mən deyəndə ki, bu varlıları yaxşı tanıyıram inanmadın. İndi əmin oldun ki, kasıb camaat olmasa biz acından ölərik!?

– Bağışla qərdeşim, bir səhv idi elədim, səni eşitmədim, sən dahi adam imişsən, sənin yerini bilən yoxdur ey?!

– Yerimi bilsəydilər, bu zibillikdə nə gəzirdim?

– Əşşi, buna da, min şükür!

– Elə şükür edə-edə özümüz də az qalmışıq zibilə dönək!

– Yaxşı də adam naşükür olmaz! Zibilliyin içində yaşasaq da vicdanımız təmizdir. Adam var “novostroykada” yaşayır, “Mersedes” sürür, amma özü heç zibil də deyil!...

– Hə, bax indi düz dedin! Adamın zibili yaman olur. Mən özüm elə zibillərin zibilinə düşdüm də. Gül kimi işim-gücüm var idi, yaxşı qazanırdım, beş kişidən biri idim!

– Bilirəm qərdeş, bilirəm! Gəl keçmişə qayıtmayaq! Mən də elələrinin zibilinə düşdüm. Bəlkə, xeyir elə bundadır!? Qurban olum bu kasıb məhəlləmizin zibilxanasına! Heyf deyilmiş buralar!? Əsl həyat elə bu zibilliklərdədir.

– Ala nəisə, yəqin səhərdən bu zonada bütün zibillikləri ələk-vələk etmisən, de görürəm, maraqlı nə tapmısan?

– Yox əşşi, hələ elə-belə bir-ikisinə baxmışam, ancaq tapdıqlarım artıq bəs edər. Bir bax! – deyə köhnə dost zibil qutusunun yanına səliqə ilə qoyduğu içi ərzaqla dolu torbanı göstərir – Arxa məhəllədən tapmışam, içində çörək, kolbasa, pendir, salat, dolma, pepsi, fanta ..., bir sözlə, hər cür desert, “xolodnıy”, “qoryaçiy” var. Deyəsən, süfrənin üstündə nə olub aşırıb hamısını töküblər bu torbaya.

– Ala, bu qədər qidaya rahat bir həftə bəy kimi dolanmaq olar ki!...

– Bəs nə, hələ gör burda nələr var ey! – deyə keçmiş həmkar əli ilə zibil qutusunun içindəki məişət əşyalarını, ayaqqabıları, pal-paltarları göstərib dedi: – Ele bil, hamısı indicə alınıb. Hələ bunları neçə il işlətmək olar! Sonra da camaat deyir ki, dolana bilmirik, çörək almağa pulumuz yoxdur!

– Ala, sözdür də danışırlar! Çörək almağa pul tapmayan bu qədər yemək-içməyi, şey-şüyü nəynən alır?

– Paradoksdur də qərdeşim, paradoks! Mən iki aydan çoxdur milyonerlərin məhəlləsində sülənirəm, heç görməmişəm ki, onların evindən bu qədər zibil çıxa!

– Eşitməmisən, kasıb, elə ona görə kasıbdır ki, nə alacağın bilir, nə də çıxacağın! Əlinə pul düşən kimi aparır verir zir-zibilə, sonrada atır zibilliyə.

– Bəs nə, kasıb xərcini bilsəydi, “Mersedesdə” gəzərdi!

– Ala, sənə deyim ki, biz özümüz də yaman fərsizik ey! İbişi tanıyırdın də?

– Hansı İbişi? Əvvəllər sənin yanında zibil daşıyırdı, onu deyirsən?

– Hə, bax o, indi bu zibilliyin hesabına özünə ev də alıb, maşın da. Bazarda da bir “toçka” açıb, zibillikdən tapdıqların orda satdırır. Necə deyərlər qaz vurub qazan doldurur.

– Sağol İbiş, o, elə cavanlıqda biznesmen olmuşdu də, deyəsən!? İndi gəlib-gedir buralara?

– Yox, ay brat! İndi o, Suraxanı zibilliyinin bir hissəsinə nəzarət edir. Özünə işçilər də tutub. Onlara beş-on manat verib zibilliyi axtartdırır, tapılan şeyləri təmizlətdirib maşınına doldurur və gətirir “vosmoy” bazarındakı “toçkasına”.

– Bu əla işdir ki, mən də istərdim belə işdə işləyim! Bəs nə əcəb, İbiş səni də öz yanına aparmır? Nə qədər olmasa kişini əlini çörəyə sən çatdırmısan axı?

– Mənim əlimin duzu yoxdur də! İndi, İbiş də sənin kimi saqqala salam vermir!

– Eyyy, yenə də başlama görək də! Yaxşısı budur gedək bir xudmani yer tapaq, oturub bugünkü görüşümüzü həm ürəkdən qeyd edək, həm də bir az xoş günlərdən danışaq!

– Nə deyirəm, “qeyd edək” deyirsən, edək də!

– Bax yemək məndən, içki səndən! – deyə köhnə dost tez dillənir.

– Sən hələ də “krisalığını” tərgitməmisən də, yaxşı, gedək, xeyli boş butulka toplamışam, onları təhvil verək, görək “vurmağa” nə ala bilirik!?

Beləliklə köhnə dostlar getdilər bu görüşü “yumağa”...