Yeni şəxsiyyət vəsiqələri hazırlanacaq

“Yeni şəxsiyyət vəsiqələri”
Azərbaycan Prezidenti İlham Əliyev yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında sərəncam imzalayıb. Sərəncama görə, Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində elektron daşıyıcısı (çip) olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb prezidentə təqdim etsin.

Sərəncamda göstərilən elektron daşıyıcıda (çipdə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti haqqında məlumatlar, habelə barmaq izi və digər fərdi biometrik göstəricilər yerləşdirilməlidir.

“Turizm ili”
Fevralın 15-də Azərbaycan Prezidenti 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində prezidentə təqdim etmək tapşırılıb.

“Əmək pensiyalarının indeksasiyası”
İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında da sərəncam verib. Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2011-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.