Pensiyaçılar 2 manat 30 qəpik çox alacaqlar

Kənan Aslanlı
«Pensiyaların artımı qeyri-adi ortaya çıxan artım deyil».

AzadlıqRadiosunun «İşdən sonra» proqramında prezidentin əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamını şərh edən iqtisadçı Kənan Aslanlı belə deyib. Onun fikrincə, bu, illik inflyasiya ilə bağlı olan gözlənilən addımdır:

«Hər bir növbəti ilin əvvəlində ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq əmək pensiyalarının sığorta hissəsi, yəni pensiyaçı nə qədər alırsa ondan baza hissəni - 85 manatı çıxırlar, qalan sığorta hissəsi həmin o inflyasiya məbləği qədər artırılır. Ötən ildə təqribən ortaillik inflyasiya 5.7 faiz olub. Buna müvafiq olaraq prezident növbəti qərar qəbul edib ki, pensiyaların sığorta hissəsi həmin o inflyasiya səviyyəsində artırılsın. Amma bu o qədər də böyük artım deyil».

Kənan Aslanlı bildirir ki, bu qərar ölkədə 617 min pensiyaçıya aiddir. Bunu maliyyələşdirmək üçün isə hökumət bir ayda 1.4 milyon manat vəsait ayıracaq. Bu artımı nəzərə alsaq, hər pensiyaçı üçün orta artım 2 manat 30 qəpikdir. Ekspert deyir ki, bu artım heç bir kilo bananın qiymətinə yaxınlaşmır.

İqtisadçı Məhəmməd Talıblı isə hesab edir ki, HÖKUMƏT SOSİAL MÜDAFİƏ SİYASƏTİNDƏ İSLAHATLAR APARSAYDI, DAHA YAXŞI OLARDI:

Məhəmməd Talıblı
«Sosial müdafiə siyasətinin özündə islahatlar həyata keçirmək lazım idi. Bu islahatların özü əmək pensiyaçılarının bu və ya başqa şəkildə maraqlarını ifadə etməli idi. Ümumilikdə isə, bu qanun ümumilikdə 617 min pensiyaçıya şamil olunsa, bu, ildə 18 milyon manat vəsait edir».

Kənan Aslanlı deyir ki, məqsəd kimi ölkədə olan rəsmi yaşayış minimumu götürülsə, daha yaxşı olar. Rəsmi yaşayış minimumu 95 manatdır, minimum pensiya isə 85 manat. Ekspertin fikrincə, ilkin mərhələdə ən azından bu 10 manatlıq artım edilsə, yaxşı olar. Bunun üçün hökumətin imkanları da az deyil. Çünki bir iş yerinin açılması hökumətə təxminən 26 min dollara başa gəlir. Bunu isə şişirdilmiş rəqəm hesab etmək olar:

«İstənilən halda, biz belə bir rəqəm ortalığa çıxarmışıq. Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı kreditlərlə nə qədər iş yeri yaranır? Onları müqayisə edəndə, görürük ki, bir iş yerini açmaq hökumətə 26 min dollara başa gəlir. Ancaq hətta fərdi sahibkara, fiziki şəxsə belə 26 mini ayırsanız yəqin ki, birdən daha çox iş yeri yaratmaq imkanı var. Yəni, bu, ümumi xərclərin effektsizliyi məsələsidir».