QƏRİBƏ EŞQ

İsti gündə çox tərləyib, doğrusu,
Bir adam axtarıb tapdı soyuq su.
Çimmək üçün paltarını soyunub,
İstədi ki, sərinləsin yuyunub.
Vedrəni gah yerə qoyur, gah tutur,
Neyləsin, soyuq su onu qorxudur.
Xeyli əzablardan sonra bu ağa,
Suyu çiyini üstdən səpdi qırağa.
Sevindi, sovuşdu onun qorxusu:
«Nə yaxşı canıma toxunmadı su».
*
Mənim məhəbbətim eynən belədir;
O olay nədirsə, eşqim elədir.
Sevirəm, az qala ağlım qaçıram,
O qızı görəndə uzaq qaçıram.
Yolda görsəm, baxmam, guya görmürəm,
Od udub yatsam da, sirr vermirəm.
Eşqim bilinməsin deyə o qıza,
Şeirimə qoyuram başqa bir imza,
Qarşıma çıxanda sərin söz-sovum,
Köksümü yaxsa da odum, alovum.

Mənə xəbər çatdı: o, səfər edib,
Doğma şəhərinə, yurduna gedib.
Nə məktub yazanam, nə də ki salam,
«Bilmədən gedibdir, şükür» şadlanam.
*
Bilmir dedim, bəlkə də bilməyibdir,
Bəlkə bildiyini bildirməyibdir?
Bilmirəm, bilsəm də onun nə xeyri,
Ayağı altına sərim bu şeiri;
Evinə yetincə keçsin üstündən,
Onu bir iltifat saysın o məndən.