Telekanalların monitorinqi nə göstərir?

“Efirdə hansısa futbol matçıdır. Aparıcı oyunun ilk dəqiqələrində deyir ki, bu, çox gözəl stadiondur. Çünki bu stadionda topa ilk zərbəni prezident İlham Əliyev vurub”.

Azərbaycan televiziyalarından birində baş vermiş bu halı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rəsul Cəfərov xatırladır.

“AZƏRBAYCANDA YAYIM AZADLIĞI”

Fevralın 24-də Bakıda RATİ “Azərbaycanda yayım azadlığı” mövzunda beynəlxalq konfrans təşkil edib. Konfransda media sahəsində çalışan yerli və beynəlxalq təşkilatlar iştirak edirdi.

RATİ əməkdaşı Rəsul Cəfərov Azərbaycan telekanallarında aparılan monitorinqin nəticələrindən danışıb. Monitorinqin nəticələrinə görə, yerli telekanallar daha çox hakimiyyətin təbliğatı ilə məşğul olublar:

TƏRƏFLİ TELEKANALLAR?


“Siyasi müxtəliflik olduqca aşağı səviyyədədir telekanallarda. Rəqəmləri müqayisə etdikdə həm vaxt baxımından, həm də işıqlandırma baxımından hakim qüvvələrin, dövlət qurumlarının geniş və pozitiv işıqlandırılması üstünlük təşkil edir”.

Hüquqşünas Ələsgər Məmmədli isə son iki ildə Azərbaycanda teleradio yayımı üzrə lisenziyalaşdırmada olan problemlərdən danışıb.

AZƏRBAYCAN QANUNLARINDAN ÜSTÜN NAXÇIVAN?


Hüquqşünas deyib ki, “Teleradio yayımı haqqında qanuna” görə, ölkədə bir Teleradio Şurası fəaliyyət göstərməlidir. Amma Naxçıvanda ikinci bir Şura televiziya və radiolara lisenziya verir və bu, qanunsuzdur:

“Milli Teleradio Şurasının iclasında İdman-Azərbaycan kanalına lisenziya verildi. Yəni dövlət yayımçısına. Halbuki qanunda deyilir ki, dövlət yayımçısı lisenziyanı birbaşa alır, müsabiqədə iştirak etmədən. Daha bir televiziya yaradıldı – Mədəniyyət kanalı. Və bu kanal da faktiki olaraq bizim qanunun kobud şəkildə pozulmasıdır. Bu gün AZTV-nin 3 televiziyası var ki, bu da qanunun inhisarı önləmək üçün qoyulan müddəasının tamamən ziddinədir”.

Yayım azadlığı mövzusunda müzakirəyə Azərbaycan telekanalları da dəvət alsa da, onlardan yalnız İctimai Televiziyanın nümayəndəsi iştirak edirdi. İTV-nin İctimaiyyətlə Əlaqələr və Monitorinq Şöbəsinin sədri Tahir Məmmədov çıxışında Azərbaycan telekanallarında aparılan monitorinqə münasibət bildirib. Onun dediyinə görə, İTV efirdə siyasi müxtəlifliyi qorumağa çalışır:

İTV EFİRDƏ SİYASİ MÜXTƏLİFLİYİ QORUMAĞA ÇALIŞIR?


“Ümumilikdə müsbət bir rəy yaranır bu monitorinq haqqında. Burda təhlil aparılıb, kifayət qədər işlənilib bu təhlil üzərində. Amma monitorinqi aparan, kanalları izləyən gənclər ki var, onların istər-istəməz subyektiv fikirlər də var. Çünki burda qeyd olunan indikatorlar elə indikatorlar deyil ki, birmənalı şəkildə qəbul olunsun”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bir müddət əvvəl Mədəniyyət Kanalı ətrafında gedən müzakirələrə münasibət bildirmişdi:

“Rəqabət mühiti yalnız özəl qurumlar üçün xarakterikdir. Amma dövlət özü istədiyi qədər kanal aça bilər, dünya ölkələrində də bu belədir. Türkiyədə TRT-nin, Rusiyada RTR-in nə qədər kanalı var, burada heç bir problem yoxdur. Amma özəl qurumlara 2-dən artıq proqram vermək təbii ki, rəqabət mühitinin pozulması olardı”.

Hazırda Azərbaycanda 9 ümumrespublika televiziyası, 14 regional televiziya, 13 kabel televiziyası, 1 peyk televiziya kanalı fəaliyyət göstərir. Ümumrespublika telekanallarından 4-ü dövlət büdcəsindən maliyyələşir. Ölkədə yayımlanan 11 radiodan da 4-ü Azərbaycan vətəndaşlarının vergisi hesabına çalışır.

Televiziya, radio və nəşriyyat sahəsinə büdcədən ayrılan pul isə 51 milyon 91 min 582 manat, təxminən 65 milyon dollar təşkil edir. Bu rəqəmə Naxçıvanda dövlət büdcəsindən maliyyələşən teleradiolar daxil deyil.