Qəzetlər onun intihar etdiyini bildirir. Yerli mətbuatın yazdığına görə, bir neçə ay əvvəl vəzifəsindən kənarlaşdırılan Faiq Abdullayevi icra başçısı təhdid edilirmiş. Guya bir müddət əvvəl rayon icra hakimiyyətinə çağırılan F. Abdullayevə bildirilib ki, xəstəxananın təmirinə kömək etməlidir. Çünki onun vaxtında xeyli yeyintilərə yol verilib, onu həbs gözləyir.
Mərhum baş həkimlikdən uzaqlaşdırılsa da, Goranboy rayonunun mərkəzi xəstəxanasında həkim kimi fəaliyyətini davam etdirirdi.
Həmin xəstəxananın hazırkı baş həkimi Rüstəm Budaqov AzadlıqRadiosuna mətbuatın yazdığını təkzib edib. Onun bildirdiyinə görə, F. Abdullayevin bir müddətdir ağrıları vardı:
«O, hamı üçün əzizi olub, kollektiv də xətrini istəyib. Mən burda cinayət tərkibli bir şey görmürəm. Bəri başdan deməyim də səhv olar, hələ ibtidai istintaq gedir. Nə çıxacaq, onu demək qeyri-mümkündür. CÜRBƏCÜR VERSİYALAR VAR. Bəziləri deyir, çöldə ölüb, o tərəf-bu tərəfə var-gəl edirdi, narahat imiş. Son zamanlar onun beynində problem vardı, danışığında, yerişində bəzən dəyişiklik vardı. Ancaq ölümün nə mənşəli olduğunu deyə bilmərəm».
Goranboy icra başçısının birinci müavini Baxış Abdullayev də AzadlıqRadiosuna deyib ki, mərhumun təhdid olunması ilə bağlı yerli mətbuatın yazdıqları düzgün deyil:
«Yalan söhbətdir, heç bir şey olmayıb. Hər şey ekspertizanın rəyindən asılıdır, o da açıqlanacaq».
Respublika Prokurorluğu mətbuat xidmətinin rəisi Eldar Sultanov bildirib ki, Goranboy rayon xəstəxanasının sabiq baş həkimi Faiq Abdullayevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi qaldırılıb, istintaq aparılır.
Yerli mətbuat isə yazır ki, mərhumun yaxınları hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına, eləcə də Prezident Administrasiyasına şikayət etmək niyyətindədirlər.