Qaddafi Liviya şəhərlərindən birini müxalifətin əlindən alıb

BMT Liviyada vəziyyəti öyrənmək üçün bu ölkəyə öz nümayəndələrini göndərir. Ölkədə Muammar Qaddafi tərəfdarları ilə onun hakimiyyətdən getməsini tələb edən silahlı müxalifət qrupları arasında döyüşlər də intensivləşib.

BMT-nin Baş katibi Ban Ki-moon İordaniyalı keçmiş nazir Abdelilah Al-Khatibi Liviya üzrə xüsusi nümayəndə təyin edib.

Ban Ki-moon həmçinin Liviyanın Xarici İşlər naziri Musa Kusaya zəng edərək ondan dinc sakinlərə qarşı hücumların dayandırılmasını tələb edib.

NATO-nun Baş katibi Anders Fogh Rasmussen martın 7-də bildirib ki, dinc sakinlərə qarşı hücumlar da insanlıq əleyhinə cinayətlərdən biri ola bilər.

Qaddafiyə tabe olan qüvvələr martın 7-də müxalifətin əlində olan Ras Lanuf şəhərinə doğru irəliləyirlər. Şahidlər şəhərin havadan da bombardman edildiyini bildirirlər.

Bir qədər əvvəl onlar Bin Cavad şəhərini tutublar. Bin Cavad Qaddafinin özünün doğulduğu Sirte şəhərinin yolu üzərində yerləşir.

Qaddafi France 24 kanalına müsahibəsində bildirib ki, onun ölkəsi Əl-Qaeda və Avropaya keçmək istəyən qanunsuz miqrantlarla mübarizədə Avropanın ən yaxın tərəfdaşıdır.