Şəhər Etüdləri
Bakı yavaş-yavaş gözümdən düşür,
Soyunub büs-bütün yaraşıq düşür.
Bir az saçlarımdan sərxoş oluram,
Bir az ayaqlarım dolaşıq düşür.
Nə bilim qəlbinin harasındayam…
Bəlkə də bu səhər unudulmuşam.
Dilinin ucunda itən söz kimi,
Birtəhər-birtəhər unudulmuşam…
Yox-yox! bu şəhərdə ölməmişəm ki,
Səni axtarıram hayana baxsan…
Sənə ürəyimi verməmişəm ki,
Üstünə baş qoyub yuxulayasan…!
Hərəyə bir ömür verdi yaradan,
Mənə də dağ ömrü,daş ömrü düşdü.
Kimləri sevdimsə quş olub uçdu,
Sənin də bəxtinə quş ömrü düşdü.
Gözümün içinə xəyal yıxılıb,
Sənə nə səs çatır, nə hay, nə haray…
Bütün yazılarım yarımçıq qalıb,
Elə bu şeirə də qayıt nöqtə qoy…
Yox-yox! bu şəhərdə ölməmişəm ki,
Səni axtarıram hayana baxsan…
Sənə ürəyimi verməmişəm ki,
Üstünə baş qoyub yuxulayasan
Amma səndən öncə…
Səndən öncə gözlərini sevdim, gözlərini.
Gözlərinçün təzə kostyum aldım,
Saçımı sola daradım,
Bığ da saxladım….
Daha yaxşı görünüm deyə
Özümü şairə oxşatdım.
Səndən öncə gözlərini sevdim,gözlərini…
Yadındamı restorandan çıxdıq haaa…
Taksiyə pulumuz qalmamışdı haaa…
Yağış da qurtarmamışdı haaa…
Evə piyada gedəsi olduq,
Ayağın gölməçəni qorxutdu haaa…
Bax, o vaxt daha yaxından gördüm gözlərini…
Gözlərinin tərifinə çağırdım bütün şeir cümlələrini,
Heç biri gəlmədi utandığından.
Ikicəsindən yana.
Bir – gözlərin səndən daha gözəldi!
Iki – gözlərin sənə oxşadır özünü!
Səndən öncə gözlərini sevdim, gözlərini…
Gözün çıxsın …
Hara getdin belə,
Hara?