İcra hakimiyyəti Müsavata «Bibiheybət»i təklif etdi

Müsavatın aksiyası, 18 fevral 2007

Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına mitinqi «Bibiheybət» stadionunda keçirməyi təklif edib.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib.

Bir neçə gün əvvəl Müsavat Partiyası martın 12-də «Təbriz» kinoteatrının qarşısında mitinq keçirməklə bağlı meriyaya müraciət etmişdi.

İcra hakimiyyətindən Müsavata verilən cavabda qeyd olunub ki, «Təbriz» kinoteatrının qarşısındakı meydan nəqliyyatın intensiv şəkildə işlədiyi ərazidə yerləşir. Ona görə də Bakı şəhər İcra Hakimiyyəti mitinq iştirakçılarının təhlükəsizliyinə təminat verə bilməz.

Tofiq Yaqublu deyir ki, Müsavat Partiyası martın 12-nə təyin etdiyi mitinqi istənilən halda keçirmək niyyətindədir.

Mitinqlə bağlı son qərar martın 11-də partiya rəhbərliyinin keçirəcəyi toplantıda veriləcək.