Türkiyə müğənnisi İbrahim Tatlısəs başından güllələnib

O, «Beyaz TV»də «İbo Show» proqramının çəkilişlərində iştirak etdikdən sonra köməkçisi Buket Çakıcı ilə saat 00.15 radələrində İstanbuldakı «Nurol Plaza»dan çıxıb. Maşınına yaxınlaşanda, qara maşında olan 5 nəfərin silahlı hücumuna məruz qalıb. Tatlısəs başının sağ tərəfindən ağır yaralanıb.

O, əvvəlcə özəl Levent Xəstəxanasına, sonra Acıbadem Xəstəxanasına aparılıb. Müğənninin üzərində üç dəfə əməliyyat keçirilib.

«Kral TV» rəhbərlərindən Mehmet Akbay Tatlısəsin yaxınlarına istinadən bildirib ki, müğənninin sol tərəfinin iflic olma ehtimalı var. O, hücum edənlərin iraqlı olduqlarını və həbs edildiklərini də bildirib. Müğənninin köməkçisi də reanimasiyadadır.

Əməliyyatdan sonra Tatlısəs reanimasiyada saxlanılır. Həkimlər onun həyatına olan təhlükənin azaldığını bildirsələr də, riskin davam etdiyini bildiriblər.