Bazarda nisyə dəftəri

Kərim dayının nisyə dəftəri

Ət satılan piştaxtaların qabağı sakitçilikdir, alıcı gözə dəymir. Amma qoyun əti satılan bir yerdə qələbəlikdir. Elə bu da diqqətimizi çəkdiyindən ora yaxınlaşırıq.

Bir neçə nimdaş geyimli qadın ət alırdı, ət satan isə hər dəfə haqq-hesabı alıcıya söyləyib kağıza yazırdı. Kişinin qabağındakı dəftər bəzi məhəllə mağazalarındakı nisyə dəftərinə oxşayırdı. Bazarda da nisyə dəftəri?

- 20 manat da yaz.

- Sənin adın nədir?

- Ziyafət.

Sən demə, Kərim dayının nisyə dəftəri «Üçüncü mikrorayon» bazarında məşhur imiş.

- Qohumlarıma, halallara, tanışlara verirəm. Alanlar əziz gününü keçirsin. Ağsaqqal baban əziz gününü keçirsin. Maaşdan-maşa ödəyirlər. Neyləsinlər?

Kərim dayının nisyə dəftərində yazmağa ağ vərəqi az qalıb. Əvvəlki səhifələrə baxıram. Bəzi adların üstündən xətt çəkilib, yəni borcunu qaytarıb. Borcunu qaytarmayanlar da az deyil. Elə Kərim dayı da deyir ki, nisyə verdiyi ətin pulunu ödəməyən də olur. «Bu gün isə ət alanların sayı artıb, bayramdır axı», - Kərim dayı deyir.

BAYRAM SÜFRƏSİ NEÇƏYƏDİR?

Elə biz də bazara ona görə gəlmişdik ki, ərzaq məhsullarının qiymətinə baxaq, görək İlaxır çərşənbə, Novruz süfrəsi açmağa gücümüz çatır, ya yox?

Piştaxtalarda mer-meyvə, göy-göyərti, pomidor-xiyar, qoz-fındıq adama gəl-gəl deyir. Elə qiymətlər də:

- Qozun kilosu neçəyədir?


-10 manata da var, 12-yə, 15 manata da.

Badamın kilosu da 10 manatdır, fındığın kilosu isə 7 manata. İydə, innab 3-4 manata. Amma satıcı deyir ki, iydənin, innabın üzünə baxan yoxdur:

- İnnab, iydə həmişə yaxşı satılıb, amma indi yox. Badamı heç alan yoxdur.

Müşkünaz xala
- Kilosu neçəyədir?

- 10 manat.

SATICILAR GİLEYLİ...


Satıcılar gileylənir ki, alıcılıq çox aşağıdır. Bayram olsa da, gözə dəyən bir alverləri yoxdur. Xatırlayıram ki, elə ötən il də satıcılardan bu cür giley eşidirdim.

- Camaatda pul var ki, alver eləsin?

Göy-göyərti satan Müşkünaz xalanın dərdi açılır:

- Beş-on adam yaxşı yaşayır, elə bilirlər hamı yaxşı yaşayır. Elə deyil axı. Adam var ki, yarım kilo ət almağa imkanı yoxdur. Göy satıram, uzağı üstünə 5 qəpik qoyuram. Gör indi gəlirim nədir?

Müşkünaz xala deyir ki, bu qiymətlərlə adama 150-200 manat lazımdır ki, bayram süfrəsi açsın. Satıcılar alıcı yoxluğundan, alıcılar yüksək qiymətdən narazıdırlar:

...ALICILAR NARAZI


- 50 manat götürmüşəm, hələ heç nə ala bilməmişəm. Bahaçılıqdır.

- Bazar necə lazımdı, bahalaşıb.

- Nə ala bildiz?

- Gücümüz çatanı aldıq.

- Ötən il xərclədiyinizlə fərq varmı indiki xərcinizdə?


- Keçən ilə baxanda deyəsən, bu il daha çox xərcləyəcəyik.

«BİZ UCUZ BAZAR GÖRMÜRÜK»

Bəziləri bazarlığın ucuz olmasının yolunu tapıblar. Şirniyyat bişirmək üçün qoz-fındığın ləpəsini yox, özünü alırlar. Deyirlər ki, belə ucuz düşür.

Mey-meyvə, tərəvəz məhsullarının da qiyməti ucuz deyil
Mey-meyvə, tərəvəz məhsullarının da qiyməti ucuz deyil, yerli alma 2.50 qəpik olub. Prezident göstərişinin kənd yumurtasına təsiri olmayıb, bir dənəsi 30 qəpiyədir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə bildirir ki, tədbirlər nəticəsində artıq bir sıra ərzaq mallarının pərakəndə satış qiymətlərində ucuzlaşma müşahidə olunur. «Müəssisələr tərəfindən istehsal olunan qənnadı və kolbasa məmulatlarının qiymətlərində 5%-dək, toyuq ətinin qiymətində 15%-dək, toyuq yumurtasının qiymətində isə 30%-dək ucuzlaşma qeydə alınıb. Digər ərzaq məhsullarında da ucuzlaşma müşahidə olunub», - xidmətin məlumatında deyilir.

«Üçüncü mikrorayon» bazarındakı müsahiblərim isə bu ucuzlaşmanı hiss etmədiklərini deyirlər:

- Nə düşəcək? Uzaqbaşı 5 faiz. Qənd 1 manat 20 qəpikdirsə, olacaq 1 manat 15 qəpik. 5 qəpiklə yara sağalmır.

İqtisadçı Natiq Cəfərli deyir ki, 5 nəfərlik ailənin İlaxır çərşənbə və Novruz bayramlarını keçirməsi üçün təxminən 350 manata qədər pul lazımdır. Ötən il bu rəqəm 300 manata yaxın olmuşdu.