Qulu Ağsəs. Seçmə şeirlər

Seçmə şeirlər
Sağ-salamat ölsəydim-
üst-başını
cığır basmış yol kimi…
Qəfil bir söz eşitsəydim-
dil açan lalın ilk dəfə
dediyi «sakit ol» kimi…
Kefim ala buludda kövrəlsəydim,
şimşək qurutsaydı gözüm suyunu.
Atamdan xeyir-dua almaq üçün
qiyamət gününə salsaydım toyumu…

***

Dağa bax, sən allah,
nə gündədi:
Ayağı ayağına dolaşan
beş-altı ağacdı,
qozbel torpağı
balatası qaçmış kündədi…
Dili yoxdu-
ildırım vuranda çığıra,
pulu yoxdu-
özünə lift çəkdirə,
dərəni qonaq çağıra…

***

Hərdən
anamdan xəlvət
bir xeyir iş
görmək istəyirəm,
yığıb
bütün dul arvadları
ərə vermək istəyirəm.
Heç olmasa birini…
Özü də elə kişiyə ki,
sonra nə aldığını peşman eləsin,
nə də özünü.
Bəlkə də inanmazsız,
bircə onda
xatırlaya bilirəm
rəhmətlik atamın
heç vaxt görmədiyim üzünü…

***

İşdi-qəzadı
səndən əvvəl ölsəm,
məni son mənzilə aparırlar görsən,
vəsiyyətimə əməl elə:
Arxamca su at,
uğur dilə.
Saçını yolma,
köksünü ötürmə.
Allahın yanına gedirəm
ürəyinə ayrı şey gətirmə,
Borclunun qapısın döyərlər:
Yeganə borclu qaldığım
əvəzini vermədən aldığım
son nəfəsdən özgə
kimsəni qapıma yaxın qoyma.
Bir də
ta uşaq deyilsən
burnunun suyunu
gözündən axıdan
bu faniyə uyma…

Bizimki.org