İsrail səfirindən soruşulub ki, Ukraynada fələstinli mühəndis necə yoxa çıxıb

Israilin Ukraynadakı səfiri Ukraynanın xarici işlər nazirliyinə çağırılıb və ondan fələstinli mühəndisin Ukraynada müəmmalı şəkildə yoxa çıxması soruşulub.

Mühəndisin ailəsi onun yoxa çıxmasında İsrailin Mossad məxfi xidmətindən şübhələnir.
İsrail isə artıq rəsmi təsdiqləyib ki, fələstinli mühəndis dindirilmək üçün İsraildədir.

42 yaşlı Dirar Abu Sisi Həmasın üzvü olmaqda şübhəli bilinir.

Abu Sisi Kiyevdən Xarkova qatarla gedərkən yoxa çıxıb. Onun ukraynalı həyat yoldaşı deyib ki, qatarda Abu Sisiyə iki nəfər yaxınlaşıb və özlərini Ukraynanın məxfi xidmətinin əməkdaşları kimi təqdim edən həmin adamlar Abu Sisini özləri ilə aparıblar.