Fransa "erməni soyqırımı olmayıb" deyənləri cəzalandırası olmadı

Parisdə Fransa Senatının binası


Fransa Senatı “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun layihəsini rədd edib.

Fransa parlamentinin aşağı palatası hələ 2006-cı il oktyabrın 12-də belə bir sənəd qəbul edib. Amma sənədin qüvvəyə minməsi üçün onu senat da ratifikasiya etməli idi.

APA informasiya agentliyinin məlumatına görə, səsvermədə 290 senatordan 270-i iştirak edib.

Onlardan 196-sı qanun layihəsinin əleyhinə, 74-ü isə lehinə səs verib.

“Ay Dat” erməni komitəsinin Fransadakı ofisinin rəhbəri bundan əvvəl Azadlıqradiosunun erməni xidmətinə müsahibəsində sənədin lehinə və əleyhinə olanların yarıbayarı olduğunu demişdi.

Ermənistan Osmanlı İmperiyası dövründə - 1915-1917-ci illərdə Türkiyədə 1.5 milyon erməıninin sistemli şəkildə öldürüldüyün və bunun “soyqırım” olduğunu iddia edir.

Amma Türkiyə bu rəqəmin şişirdildiyini və Birinci Dünya Müharibəsi zamanı xarici qüvvələrin təhriki ilə bəzi erməni qrupların türklərə qarşı silahlı hücumlar etdiyini, nəticədə də hər iki tərəfdən xeyli adamın həlak olduğunu bildirir.