Naharı axşama ötürən Azərbaycan alimi və...

Mətbuat icmalı

«Yeni Müsavat» qəzeti «SABİRABADDA ÜNVANLI YARDIMI MÜTƏŞƏKKİL QRUP MƏNİMSƏYİB» başlıqlı məqalə dərc edib. «Sabirabad Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Mübariz Mehdizadə və mərkəzin bir əməkdaşı bir müddət əvvəl həbs edilib və problemlər də bundan sonra başlayıb. Həbslərdən sonra mərkəzin işçiləri panikaya düşərək xəbəri olmayan vətəndaşların da yardımla bağlı kartlarını paylayıblar və məlum olub ki, kartlarda pul yoxdur, vəsait mərkəz tərəfindən mənimsənilib».

Rayon sakinləri deyirlər ki, imkansız vətəndaşların ünvanlı sosial yardımlarının mənimsənilməsində Quruzma kənd icra nümayəndəsinin də rolu var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildiriblər ki, Sabirabaddakı faktlar təsdiqini tapmır.

«NAHARI AXŞAMA ÖTÜRƏN AZƏRBAYCAN ALİMİ» adlı məqalə «Bizim yol» qəzetində çıxıb. Qəzet yazır ki, Azərbaycan Milli Elmlər Akademiyasının binası təmirdən çıxsa da, alimlər problemlərin məngənəsindən çıxa bilməyiblər:

«Akademiyanın yeməkxanası da təmirdən sonra fəaliyyət başlayıb. Ancaq əvvəllər olduğu kimi, burada nahar edənlərin əksəriyyəti kənardan gələnlərdir. Baxmayaraq ki, yeməkxana məhz akademiyada çalışan kontingent üçün nəzərdə tutulub. Orada çalışan işçilərdən biri təsdiqlədi ki, alimlər, elmi işçilər, aspirantlar nadir hallarda yemək yeməyə gəlirlər. Onların əksəriyyətinin maddi imkanı günorta nahar etməyə imkan vermir. AMEA sistemində işləyən böyük elmi işçilərin aylıq əməkhaqqı 235 manatdır. Elmi işçilər 185, kiçik elmi işçilər 163 manat alırlar. Böyük laborantlar ayda 137 manat, laborantlar isə cəmi 117 manat maaşa baxır. Prezidentin sərəncamından sonra əmək haqları yuxarıda göstərdiyimiz rəqəmlərdən asılı olaraq 20-50 manat civarında artıb».

«Yeni Azərbaycan» qəzeti
ndə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri ƏLİ HƏSƏNOVLA MÜSAHİBƏ dərc edilib. Ə. Həsənov İctimai Palatanın fəaliyyəti haqqında bildirib ki, «özünü «İctimai Palata» adlandıran bu qurumun bu tipli qərar verməsi, yaxud bundan əvvəlki qərarları, yəni ictimai sifariş olmadan mitinq qərarı çıxarması və s. təbiidir. Çünki ora yığışan insanların böyük əksəriyyəti ötən illərdə qeyri-konstruktiv, radikal mövqeyi, Azərbaycan cəmiyyəti ilə üst-üstə düşməyən fərqli maraq nümayiş etdirməsi və digər məsələlərlə seçiliblər. Orada anti-Azərbaycan fəaliyyətində olan müəyyən adamlar da var».

Şöbə müdiri İctimai Palatanın «Yol xəritəsi» haqqında layihəsinə də münasibət bildirib:

«Məramı-məqsədi bəlli olmayan, bir-iki ambisiyalı şəxsin ətrafında toplanmış və heç bir sosial dayağı olmayan hansısa qurumun «yol xəritəsi»nin Azərbaycan cəmiyyətinə xeyir gətirəcəyinə, yaxud onların hər hansı təklifinin yaxşı bir nəticəyə səbəb ola biləcəyinə mənim şübhəm var».