Qəddafinin dondurulan pulları üsyançılara veriləcək


Mayın 5-də İtaliyanın paytaxtı Romada Liviya üzrə Əlaqələndirmə Qrupunun toplantısı olub.

Toplantıda Liviyada atəşkəsə necə nail olmağın yolları müzakirə edilib.

İtaliyanın xarici işlər naziri Franko Flattini deyib ki, yaxın zamanlarda atəşkəs əldə edilməsinə ümid edir.

Onun verdiyi məlumata görə,

Türkiyə hətta konkret atəşkəs planı da təklif edib.

Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, həmin plan yeddi gün ərzində bütün şəhərlərdən hərbi qüvvələrin çıxarılmasını, oraya humanitar yarımın çatdırılmasına icazə verilməsini nəzərdə tutur.

Liviya üzrə Əlaqələndirmə Qrupuna NATO ölkələri olan Britaniya, Fransa, İtaliya, ABŞ, eləcə də daha 20 ölkə və iki beynəlxalq təşkilar – Ərəb Liqası və Afrika Birliyi daxildir.

Roma görüşündə müzakirə edilən başqa bir məsələ Qəddafi rejiminə qarşı vuruşan üsyançılara maliyyə yardımını artırmaq olub.
Liviya üzrə Kontakt Qrupunun Roma toplantısı. 5 may 2011

ABŞ-ın dövlət katibi Hillari Klinton görüşdən əvvəl deyib ki, onlar Qəddafi və onun ətrafındakılara diplomatik, siyasi, iqtisadi təzyiqi artırmağın yollarını müzakirə edəcəklər. Onun fikrincə, mülki əhaliyə hücumların qarşısının tam alınması və ölkədə yeni hakimiyyətin formalaşdırılması işinə başlanması çox vacibdir.

İndi Avropa Birliyi və ayrıca olaraq Fransa Qəddafi rejiminə yeni sanksiyalar qoymaq üzərində işləyirlər.


Görüşdə Liviya üsyançılarının rəhbərləri də iştirak ediblər

Onlar beynəlxalq ictimaiyyətdən 1,5 milyard dollar həcmində yardım istəyiblər.

Üsyançılar deyir ki, bu, onların nəzarətində olan bölgələrin iqtisadiyyatının çökməsinə imkan verməməsi, ərzaq və silahlar alınması üçün vacibdir.

Onlar indi büdcələrində olan pulların yalnız mayın sonuna qədər bəs edəcəyini deyiblər.

Liviya üzrə Əlaqələndirmə Qrupu xüsusi fond da yaratmağı qərara alıb.

Amerika artıq bildirib ki, Liviya lideri Qəddafiin dondurulmiş hesablarından milyardlarla dollar pulu üsyançılara ötürə bilər.


Amerikada Qəddafi və onun ətrafına məxsus şəxslərin 30 milyard dollar pulu dondurulub

Amma Hillari Klinton Romadakı görüşdə deyib ki, həmin pulların üsyançılara ötürülməsi qarşısında müəyyən hüquqi manelər var və Amerika bu problemi yoluna qoymaq üçün ayrıca qanun qəbul etməlidir.

Qatar həmin fonda 400-500 milyon dollar, Küveyt isə 180 milyon dollar keçirməyə söz verib.

Bu arada bəzi NATO ölkələri Qəddafi rejiminə qarşı hücumların artırılması və hərbi əməliyyatların başa çatdırılması üçün xüsusi planın hazırlanmasını tələb edirlər.
Misrata küçələrində döyüşlər davam edir.

Fransa və İtaliya bildiriblər ki, Liviyadakı indiki vəziyyət uzun müddət davam edə bilməz.

Son günlər koalisiya qüvvələrinin Liviyada bir qədər aktivləşdiyi müşahidə edilir, son məlumata görə, onlar Qəddafiyə sadiq qüvvələrin iki vertolyotunu məhv ediblər. Həmin vertolyotlar yerlə daşınırmış.

Roma toplantısına münasibət bildirən Qəddafi hökuməti orada qəbul edilən qərarların mənəviyyata uyğun olmadığını deyib.

Hökumətin söçüsü bildirib ki, Liviya haqda qərarı xaricilər yox, liviyalılar özləri verməlidirlər.

Hökumət hazırda Tripolidə Liviyadakı qəbilə başçılarının toplantısının keçirildyini deyir.